Azərbaycan Milli Elmlər Akademiyası doktoranturaya sənəd qəbulu elan edir

Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 may 2025-ci il tarixli 275s nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatlarının 2025-ci il üçün doktorant hazırlığı üzrə qəbul planları”na və AMEA Rəyasət Heyətinin 8 may 2025-ci il tarixli 13/1 nömrəli qərarına əsasən, fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul elan edir.
Qəbul şərtləri:
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları sənəd təqdim edə bilərlər.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər xarici dil, fəlsəfə və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən xarici dil imtahanından keçid balını toplayan şəxslər fəlsəfə fənni üzrə imtahanda, fəlsəfə fənni üzrə “məqbul” qiymət alan şəxslər isə ixtisas fənni üzrə imtahanda iştirak etmək hüququ əldə edirlər.
Sənəd qəbulu portal.edu.az vasitəsilə 13 may 2025-ci il tarixindən 2 iyun 2025-ci il tarixi saat 18:00-dək həyata keçiriləcək. Sənəd qəbulu ilə bağlı əlavə məlumat almaq üçün elmi müəssisələrin Təhsil şöbələrinə müraciət etmək olar.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün aşağıdakı sənədlər, eyni zamanda paralel olaraq AMEA-nın müvafiq elmi müəssisələrinə də təqdim edilməlidir:
- elmi müəssisənin rəhbərinin adına ərizə;
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- iş yerindən xasiyyətnamə;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması ilə bağlı şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- xarici dil bilikləri üzrə beynəlxalq sertifikatın surəti (IELTS, TOEFL, TestDaf, DELF, DALF, STANAG, Cambridge English Qualifications – olduğu halda).
Qeyd edək ki, xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına malik olan şəxslər xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyini Dövlət İmtahan Mərkəzi müəyyənləşdirir.
Əlavə məlumat üçün əlaqə nömrəsi: (+994 12) 539 30 60
17:43 13.05.2025
Oxunuş sayı: 568