Buxara Tibb İnstitutu Bakı Dövlət Universiteti ilə əməkdaşlıqda maraqlıdır

Azərbaycan və Özbəkistan arasında elm və təhsil sahəsində əlaqələr genişlənməkdədir. Bu əməkdaşlıq istiqamətində növbəti addım Buxara Dövlət Tibb İnstitutundan gəlib. İnstitutun nümayəndələri ölkəmizdə keçirilən beynəlxalq təhsil sərgisi çərçivəsində Bakı Dövlət Universiteti (BDU) ilə mümkün əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Bu barədə institutun beynəlxalq əlaqələr üzrə mütəxəssisi Şahloxon Kudratova Crossmedia.az-a açıqlamasında bildirib. O qeyd edib ki, institut artıq 120-dən çox beynəlxalq universitetlə əməkdaşlıq edir və hazırda 10 000-ə yaxın tələbə təhsil alır. Onlardan 300-ə qədəri xarici tələbələrdir.
“BDU-da tibb fakültəsinin yaradıldığını eşitmişik. Bu sahədə təcrübə mübadiləsi aparmaq və dəstək göstərmək istəyirik. Onların laboratoriyalarını ziyarət etdik və tədrisin keyfiyyəti bizi təsirləndirdi”, – deyə Kudratova bildirib.
O, həmçinin vurğulayıb ki, Özbəkistan və Azərbaycanın ortaq mədəniyyəti və dəyərləri tələbələr üçün rahatlıq yaradır və bu əməkdaşlıq hər iki ölkəyə fayda verə bilər.
Kudratova əlavə edib ki, artıq Azərbaycan Tibb Universiteti ilə əməkdaşlıq mövcuddur, lakin hal-hazırda əsas hədəf Bakı Dövlət Universiteti ilə əlaqələri inkişaf etdirməkdir.
Qeyd edək ki, mayın 3-də İngla School Baku-nun təşkilatçılığı ilə AMEA Mərkəzi Elmi Kitabxanasında Özbəkistan universitetlərinin sərgisi keçirilib. Tədbirin tərəfdaşları Özbəkistan Ali Təhsil Nazirliyi, Özbəkistanın Azərbaycandakı Səfirliyi, AMEA Mərkəzi Elmi Kitabxanası (MEK), Crossmedia.az Analitik informasiya Portalı idi.
Qardaş Özbəkistanın 15-ə qədər nüfuzlu universitetlərindən – STARS Beynəlxalq Universiteti, Jurnalistika və Kütləvi kommunikasiya Universiteti, Milli Tədqiqatlar Universiteti “Daşkənd İrreqasiya və Aqrotexnika Avtomatlaşdırma İnstitutu”, Özbəkistan-Finlandiya Pedaqogika Universiteti, Səmərqənd Dövlət Xarici Dillər Universiteti, Buxara Dövlət Universiteti, Əbu Əli İbni Sina adına Buxara Dövlət Tibb İnstitutu, İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universiteti, Daşkənd Tibb Akademiyası, Vebster Universiteti (Daşkənd), Turin Politexnik Universiteti Daşkənd Filialı, Kokand Pedaqoji Universiteti, Daşkənd Əczaçılıq Universiteti, Daşkənd Dövlət İqtisadiyyat Universiteti olmaqla 40-dan çox nümayəndə sərgiyə qatılıb.
Emil Bağızadə
13:34 03.05.2025
Oxunuş sayı: 2976