Özbəkistanın Əczaçılıq Texniki Universitetinin nümayəndələri Azərbaycanda səfərdədir

Azərbaycanda ilk dəfə olaraq “Ingla School Baku”nun təşkilatçılığı ilə Özbəkistan universitetlərinin sərgisi keçiriləcək. Qardaş ölkədə yerləşən ali məktəblər Bakıda keçirilən beynəlxalq təhsil sərgisində iştirak edib, ortaq layihələr üçün ilkin razılaşmalar əldə etməyə hazırlaşır.
Crossmedia.az xəbər verir ki, 15-ə qədər nüfuzlu universitetin nümayəndələri bu məqsədlə Azərbaycana gəliblər.
Özbəkistanın paytaxtı Daşkənddə yerləşən Əczaçılıq Texniki Universiteti dəqiq elmlər üzrə ixtisaslaşmış beynəlxalq ali təhsil müəssisəsidir. Universitet Böyük Britaniyanın nüfuzlu “De Montfort University” ilə əməkdaşlıq çərçivəsində tələbələrə tam şəkildə Britaniya proqramı əsasında təhsil verir.
Hazırda universitetdə “Biomedical Science”, “Pharmaceutical Science” və “MPharm” (Əczaçılıq üzrə magistratura) proqramları mövcuddur. Bundan əlavə, “Business Management” və “Data Analytics” sahələri üzrə proqramlar da Britaniyanın tərəfdaşlığı ilə həyata keçirilir.
Universitet təkcə Britaniya ilə deyil, eyni zamanda Cənubi Koreyanın aparıcı ali məktəbləri — “Busan National University”, “Korea University”, “Yonsei University”, eləcə də ABŞ və Avropadakı universitetlərlə də sıx əməkdaşlıq edir. Bu beynəlxalq əlaqələr çərçivəsində tələbələrə elmi layihələrdə iştirak, mübadilə proqramları və yay məktəblərində iştirak imkanları yaradılır.
Bakıda “Ingla School Baku” tərəfindən təşkil olunan beynəlxalq təhsil sərgisində iştirak edən universitetin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Feruz Marupov Crossmedia.az saytına açıqlamasında bildirib ki, Özbəkistan tərəfi Azərbaycanda təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
“Biz artıq Bakı Dövlət Universitetində görüşlər keçirdik və Biologiya və Kimya fakültəsinin nümayəndələri ilə birgə layihələr müzakirə olundu,” – deyə Marupov bildirib.
Eyni zamanda, nümayəndə heyəti digər universitetləri də ziyarət edib və bir neçə ali məktəblə əməkdaşlığa dair ilkin razılıqlar əldə olunub. Universitet, azərbaycanlı tələbələr üçün yay məktəbləri, laborator təlimlər, elmi konfranslar, həmçinin birgə tədqiqat layihələri təşkil etməyi planlaşdırır.
Feruz Marupovun sözlərinə görə, gələcəkdə keçiriləcək beynəlxalq olimpiadalarda fərqlənən azərbaycanlı şagirdlərə Böyük Britaniya proqramı ilə təqaüdlü təhsil imkanı təqdim ediləcək. Bu, iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə olacaq.
Universitet rəsmisi tədbirin təşkilinə görə “Ingla School Baku”-ya və hər iki ölkənin təhsil nazirliklərinə təşəkkür edib:
“Belə nüfuzlu sərgilərin gələcəkdə Özbəkistanda da təşkili bizim üçün önəmlidir. Bu əməkdaşlıq bizi həqiqətən sevindirir və daha da genişlənməsini arzulayırıq,” – deyə Feruz Marupov vurğulayıb.
Emil Bağızadə
18:31 02.05.2025
Oxunuş sayı: 2226