Hər problemdə yüz yeni psixoloq tanıyırıq: Tələbat, yoxsa sui- istifadə?

Son illərdə Azərbaycanda psixoloqların sayı kəskin artıb. Çoxları psixoloq adına iddia edir. Bəzən ixtisas psixologiya olmayan, sadəcə bir neçə ay hardasa kurs keçən şəxslər də bu sahə üzrə mütəxəssis olduqlarını söyləyirlər. Bu isə həmin vaxt çarəsiz durumda olan, bir yardım axtaran şəxslərin qeyri - peşəkarların qurbanına çevrilməsinə şərait yaradr.
Ölkədə psixoloqların "həyat koçlarının" sayının nəinki ədədi, hətta həndəsi silsilə ilə artması bəzən peşəkarların da işinə mane olur, onların reputasiyalarına zərbə vurur. Bu məsələ isə cəmiyyətdə ciddi narahatlıq yaradır.
Bu barədə Crossmedia.az-a danışan BDU-nun Sosial Elmlər və Psixologiya fakültəsinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, dosent Müşviq Mustafayev bildirib ki, bu gün ölkəmizdə psixoloqların çoxalmasına əsas səbəb insanlarımızın psixologiya ilə daha çox maraqlanmasıdır. "Hazırda insanlarımızın bir çoxunun psixoloq olmağı, başqalarının diqqətini cəlb etmək məqsədi daşıyır. Qeyd edim ki, ölkəmizdə insanlarımızın da psixologiya elminə qarşı göstərdiyi marağın artmasında əsas səbəb Covid-19 pandemiyasının başlanması və 2020-ci ildə baş verən müharibədən sonra psixoloji pozuntuların artması oldu".
Müsahibimizn fikrinə görə, hər kəsin özünə psixoloq deməsi məsələsinə gəldikdə isə, xüsusilə vurğulamaq lazımdır ki, cəmiyyətimizdəki insanların bir çoxu hələ də psixoloqun kim olduğu ilə bağlı doğru təsəvvürlərə malik deyillər: "Bir çox insan psixoloqu başqalarına məsləhət verən ağsaqqal, ağbirçək şəxs olduğunu zənn etdiyindən asanlıqla özünə də psixoloq deyə bilir. Halbuki anlamır ki, psixoloqluq peşədir və psixoloq məsləhət verən şəxs deyil. Psixoloq psixoterapiya vasitəsilə psixoloji problem və ya pozuntulardan əziyyət çəkən insanların bu psixoloji pozuntu və ya problemlərinin kökündə yatan əsas səbəbi, yanlış inancı müəyyənləşdirib, onu aradan qaldırmağa və doğru inancla əvəz etməyə, nəticədə həmin insanları bu problem və ya pozuntulardan qurtulmağına yardımçı olan şəxsdir. Psixologiya ixtisasına yiyələnmədən psixoloq olmaq mümkün deyil".
Sosioloq, fəlsəfəşünas Rəvan Əliyev söyləyib ki, cəmiyyət sürətlə dəyişir, insanlar getdikcə daha çox stress, təzyiq və psixoloji çətinliklərlə qarşılaşır: "Sosial dəstək zəiflədikcə, insanlar problemləri ilə tək qalır və çıxış yolu olaraq psixoloqlara üz tuturlar. Tələb artdıqca bu sahəyə maraq da artır, nəticədə psixoloq adını daşıyanların sayı çoxalır. Peşə standartlarının tam oturuşmaması, həm də psixoloji mövzular populyarlaşdığı üçün bəzi insanlar azacıq bilik və ya şəxsi təcrübə ilə özlərini psixoloq kimi təqdim edirlər. Cəmiyyət də bəzən bunu ayırd edə bilmir. İnsanların etimadı artdıqca həmin şəxslər özlərini mütəxəssis kimi təqdim etmək imkanlarını genişləndirirlər".
Sosioloqun açıqlamasına görə elmi və peşəkar baxımdan ixtisasa yiyələnmədən psixoloq olmaq mümkün görülmür: "Psixoloq olmaq üçün xüsusi təhsil, nəzəri bilik və praktik hazırlıq vacibdir. Təcrübə, empatiya və şəxsi maraq vacib olsa da, onlar akademik bilikləri əvəz edə bilməz. Əks halda bu, insanlara zərər verə bilər. Hətta bəzi ölkələrdə psixoloq olmaq üçün magistratura səviyyəsində təhsil, təcrübə saatları və rəsmi lisenziya tələb olunur. Peşə etikası, superviziya və davamlı təhsil də vacib sayılır. Bu, həm peşənin nüfuzunu qoruyur, həm də vətəndaşların təhlükəsizliyini təmin edir".
Zümrüd Əsədova
14:57 02.05.2025
Oxunuş sayı: 1222