Laçında oftalmoloji aksiya keçiriləcək

Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə mərkəzin Avtomobil Səyyar Klinikası mayın 1-2-də Laçın rayonunda tibbi aksiya keçirəcək.
Crossmedia.az Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsinə istinadən məlumat verir ki, aksiyanın məqsədi Laçın rayonunda yaşayan sakinlərin görmə ilə bağlı problemlərinin vaxtında aşkarlanması, müayinə və ilkin müalicə yolu ilə aradan qaldırılmasına dəstək göstərməkdir. Aksiya çərçivəsində müasir tibbi avadanlıqla təchiz olunmuş Səyyar Klinikada ixtisaslı həkim-oftalmoloqlar tərəfindən əhaliyə ödənişsiz göz müayinələri aparılacaq.
Yerli əhali arasında aparılan müayinələr əsasında ümumi nəticələr təhlil ediləcək, aşkar olunmuş xəstəliklər müzakirə ediləcək və əməliyyat ehtiyacı olan pasiyentlərin Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə yönləndirilməsi təmin olunacaq.
Aksiya saat 09:00-da başlayacaq.
Qeyd edək ki, 2005-ci ildən etibarən fəaliyyət göstərən mərkəzin Avtomobil Səyyar Klinikası bu müddət ərzində Azərbaycanın müxtəlif bölgələrində minlərlə vətəndaşa ödənişsiz oftalmoloji və cərrahi xidmətlərdən yararlanmaq imkanı yaradıb. Klinikanın məqsədi əhalinin yaşadıqları ərazilərdə vaxt itirmədən keyfiyyətli tibbi xidmət almasını təmin etməkdir.
2018-ci ildən etibarən fəaliyyət göstərən Dəmiryolu Səyyar Klinikası da bu missiyanın genişləndirilməsinə xidmət edir.
16:01 30.04.2025
Oxunuş sayı: 922