Heydər Əliyev: Konstitusiya qurucusu və milli suverenliyin qarantı - elmi konfrans



Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev: Konstitusiya qurucusu və milli suverenliyin qarantı” adlı respublika tələbə-şagird elmi konfransı keçirilib.
Crossmedia.az ADU-ya istinadən məlumat verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.
ADU-nun elmi işlər üzrə prorektoru professor Həmidə Əliyeva bildirib ki, konfransın ideya müəllifi olan akademik Kamal Abdulla şagirdlərin universitet həyatına hazırlanmasına və elmi bacarıqlarının inkişafına xüsusi önəm verir. Onun sözlərinə görə, bu tədbir həm Azərbaycan təhsilinin inkişafına, həm də gənclərin elmə marağının artırılmasına xidmət edir. Qeyd olunub ki, konfransa müxtəlif ali və orta məktəblərdən tələbə və şagirdlər böyük maraq göstəriblər.
Konfransa ümumilikdə 900 tələbə və şagird tezislə müraciət edib ki, bu da Azərbaycan gənclərinin elmə və Ümummilli Liderin ideallarına olan bağlılığının göstəricisidir.
Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev universitet rəhbərliyinə dəvət üçün təşəkkürünü bildirib və konfransla bağlı fikirlərini bölüşüb. O qeyd edib ki, belə tədbirlər şagirdlərin yeni elmi bilik və təcrübə qazanmasında mühüm rol oynayır. Gələcəkdə elmi və tədqiqat işlərinin aparılması baxımından konfrans böyük əhəmiyyətə malikdir.
Daha sonra çıxış edənlər – ADU-nun Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin I kurs tələbəsi Ümid Orucov, Filologiya fakültəsinin I kurs tələbəsi Ülkər Əsgərova, ADU-nun Magistratura şöbəsində təhsil alan əlcəzairli tələbə Oussama Bendouda, İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın X sinif şagirdi Fəridə Süleymanzadə, Yusif Mirzəyev adına 44 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Toğrul Qarayev, Arif Vəliyev adına 258 nömrəli tam orta məktəbin VII sinif şagirdləri Nigar Anazarlı və Dəniz Hacılı konfransla bağlı təəssüratlarını bölüşüblər.
Konfrans işini bölmə iclasları ilə davam etdirib. İclaslarda iştirakçılara tələbələrin hazırladığı bədii hissə təqdim olunub.
Bölmə iclasları başa çatdıqdan sonra konfransın bağlanış mərasimi keçirilib. Mərasimdə bölmə rəhbərlərinin çıxışları dinlənilib, təqdim olunan tezislər müzakirə olunub və elmi işlər haqqında məlumat verilib.
Çıxışlarda vurğulanıb ki, tədbirdə iştirak edən tələbə və şagirdlər elmi bilik və bacarıqlarını yüksək səviyyədə nümayiş etdirməyi bacarıblar. Elmi rəhbərlər konfransın onların inkişafında mühüm rol oynadığını bildiriblər.
Sonda qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən bu konfrans tələbə və şagirdlərin elmi təcrübələrinin artırılması baxımından önəmli və yadda qalan bir hadisə kimi tarixə düşəcək.
13:10 30.04.2025
Oxunuş sayı: 885