Rusiya hərbi xərclərini rekord səviyyəyə çatdırdı

Stokholm Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, Rusiya 2024-cü ildə hərbi xərclərini rekord səviyyəyə – 149 milyard dollara çatdırıb. Bu, ölkə büdcəsinin 38%-ni təşkil edir və bütün MDB ölkələrinin birgə hərbi xərclərini təxminən üç dəfə üstələyir.
Rusiya bu göstərici ilə dünyada hərbi xərclərə görə ABŞ və Çindən sonra üçüncü yerdə qərarlaşıb. Ümumi Daxili Məhsulun (ÜDM) alıcılıq qabiliyyəti pariteti (PPP) əsasında hesablandıqda isə Rusiya hərbi xərclərə 437 milyard dollar ayırır ki, bu da Avropa İttifaqını qabaqlamasına səbəb olub. Hazırda Rusiyanın ÜDM-nin 7,1%-i hərbi sahəyə yönəldilir.
Digər tərəfdən, Ukraynanın hərbi xərcləri 2023-cü illə müqayisədə cəmi 2,9% artıb. Ümumilikdə, Ukrayna ordusuna 64,7 milyard dollar ayırıb ki, bu da ölkənin ÜDM-nin 34%-ni təşkil edir. Bu göstərici Ukraynanı dünyada hərbi yük baxımından birinci yerə çıxarıb.
Ukrayna bütün vergi gəlirlərini ordunun ehtiyaclarına yönəldir. Belə məhdud fiskal imkanlarla ölkənin hərbi xərclərini artırmaqda davam etməsi çətin görünür və bu, Ukrayna iqtisadiyyatının sistemli deqradasiyası ilə nəticələnə bilər.
23:26 28.04.2025
Oxunuş sayı: 734