“Azərbaycanda intihar halları Avropaya nisbətən azdır, çünki…”- Psixoloq

"Son dövrlərdə yeniyetmələr arasında intihar halları və cəhdlərinin artması narahatedici tendensiyadır”.
Bu fikirləri Crossmedia.az-a geniş müsahibəsində psixoloq Aydan Məmmədova deyib.
O söyləyib ki, bu artımın bir sıra səbəbləri mövcuddur və onların başlıca hissəsi psixoloji, sosial və ailə faktorları ilə bağlıdır: “Alimlərin araşdırmalarına görə, intihar cəhdlərinin əsas səbəblərindən biri yeniyetmələrin akademik uğursuzluqlardan – xüsusilə imtahan nəticələrindən qaynaqlanan təzyiq hissidir. Yeniyetməlik dövrü emosional baxımdan olduqca həssas bir mərhələdir və bu yaş qrupunda duyğuların ani dəyişməsi, özünü kəşf etmə prosesi və sosial təcrid kimi hallar daha tez-tez rast gəlinir. Bir yeniyetmə emosional boşluq, anlaşılmama, ünsiyyət çatışmazlığı və çarəsizlik hissi ilə qarşılaşdıqda, bəzən çıxış yolunu intiharda görür. Əslində, intihar etməyə cəhd edən bir çox şəxs sonradan etiraf edir ki, onların əsas istəyi ölmək deyilmiş – sadəcə yaşadıqları ağrıdan, boşluqdan və çıxılmaz vəziyyətdən xilas olmaq istəyiblər. Bu bir növ “imdad çağırışı”dır – onlar içində olduqları vəziyyətdən çıxmaq üçün yardım axtarırlar. Bəzən sadəcə bir kəlmə anlayış, bir səmimi qucaq, bir dinləyici belə onları bu fikirdən çəkindirmək üçün kifayət ola bilər".
Müsahibimizin fikrincə, Azərbaycanda intihar hallarının bəzi Avropa ölkələrinə nisbətən daha az olmasının səbəblərindən biri dini inanclardır: İslamda intihar böyük günah sayıldığı üçün bu inanc bir çox insanı bu addımı atmaqdan çəkindirə bilir. Lakin burada da emosional ehtiyaclar və sosial təzyiqlər eyni dərəcədə mövcuddur. Bu halların qarşısını almaq üçün cəmiyyətin və xüsusilə valideynlərin üzərinə böyük məsuliyyət düşür. Yeniyetmələrin ən çox ehtiyac duyduğu şeylərdən biri – dinlənilmək və anlaşılmaqdır. Əgər bir uşaq yaşadığı çətinliyi valideyni ilə bölüşə bilmirsə, ya da səsi eşidilmirsə, bu zaman daxili dünyasında tək qalır və intihar kimi ağır nəticələrə səbəb ola biləcək qərarlar verə bilər. Bu səbəbdən cəmiyyət olaraq yeniyetmələrin mənəvi ehtiyaclarına cavab verməli, onların duyğularını ciddiyə almalı və psixoloji dəstək imkanlarını əlçatan etməliyik. Valideynlər övladlarının yanında olmalı, onları sadəcə tərbiyə etməklə deyil, eyni zamanda dinləməklə, başa düşməklə, sevgi və dəstəklə müşayiət etməlidirlər. Çox dəyərli bir söz var: "Paylaşım yoxdursa, duyulmaq da olmur". Əgər bir insan duyğularını paylaşa bilmirsə, onun yaşadığı ağrılar görünməz qalır və zamanla bu, təhlükəli nəticələrə gətirib çıxara bilər".
Müsahibənin tam versiyasını aşağıdakı linkdən oxuya bilərsiniz:
https://crossmedia.az/az/article/27972
Xumar Emilqızı
20:01 26.04.2025
Oxunuş sayı: 1180