Qərbi Kaspi Universiteti tələbələri “GreenTech II” müsabiqəsində uğur qazandılar

Qərbi Kaspi Universitetinin Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik fakültəsinin iki komandası Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı ilə keçirilən “GreenTech II Startap və Yaşıl Texnologiyalar” müsabiqəsində uğurla iştirak ediblər.
Crossmedia.az xəbər verir ki, müsabiqədə ölkənin 30 universitetindən 400 tələbəni təmsil edən 80-dən çox komanda 4 kateqoriya üzrə öz layihələri ilə yarışıb. Qərbi Kaspi Universitetini təmsil edən “CLCN Project” və “Smart Home Control System” komandaları müvafiq olaraq “Robototexnika” və “Yaşıl texnologiyalar” kateqoriyalarında 3-cü yerə layiq görülüblər.
“CLCN Project” startapının əsas məqsədi günəş panelli nəqliyyat vasitələrinin hazırlanması, ətraf mühitə zərərin minimuma endirilməsi və enerji sərfiyyatının azaldılmasıdır. Layihə komandası Tuncay Əliyev və Tünzalə Məcidovadan ibarətdir.
“Smart Home Control System” startap layihəsi isə müasir texnologiyalara əsaslanan ağıllı ev idarəetmə sistemləri vasitəsilə insanların gündəlik həyatını daha rahat, təhlükəsiz və enerjiyə qənaətli şəkildə təşkil etməyi hədəfləyir. Bu layihə Aysu Məhərrəmova və Mübariz Hüseynzadə tərəfindən hazırlanıb.
Hər iki layihə texnologiyanın sosial faydaya yönəldilməsi və innovativ yanaşmaların real həyata tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir.
13:16 24.04.2025
Oxunuş sayı: 1822