AMEA ilə Özbəkistanın Pedaqoji Təkmilləşdirmə Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb




AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Özbəkistanın Xarəzm vilayətində yerləşən Pedaqoji Təkmilləşdirmə Mərkəzinin direktoru professor Jasurbek Salayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Crossmedia.az akademiyaya istinadən məlumat verir.
Rəyasət Heyətində keçirilən görüşdə çıxış edən akademik İsa Həbibbəyli son illərdə Azərbaycan ilə Özbəkistan arasında dostluq və qardaşlıq münasibətlərinin dövlət başçılarımızın sıx fəaliyyəti nəticəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini söyləyib. Bildirib ki, bu gün Azərbaycan ilə Özbəkistan bir çox sahələrdə əməkdaşlıq edir, o cümlədən elm, təhsil istiqamətində əlaqələr iki ölkənin alimlərinin, ali təhsil müəssisələrinin əməkdaşlarının səyləri nəticəsində genişlənməkdə davam edir.
Azərbaycan Milli Elmlər Akademiyasının Özbəkistanın Elmlər Akademiyası və ali təhsil müəssisələri ilə geniş əlaqələrinin mövcud olduğunu deyən akademik İsa Həbibbəyli Azərbaycan və Özbəkistan alimlərinin ortaq tarix, dil, ədəbiyyat, arxeologiya və s. istiqamətlərdə birgə elmi tədqiqatlar apardıqlarını, elmi konfranslar, simpoziumlar təşkil etdiklərini, nəşrlər ərsəyə gətirdiklərini, eləcə də kadr hazırlığının həyata keçirildiyini diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli birgə əməkdaşlığın ölkələrimiz arasında elmin, təhsilin inkişafına töhfə verəcəyini bildirib.
Sonra çıxış edən Özbəkistanın Xarəzm vilayətində yerləşən Pedaqoji Təkmilləşdirmə Mərkəzinin direktoru professor Jasurbek Salayev rəhbərlik etdiyi qurumum tarixi, fəaliyyət istiqamətləri və kadr hazırlığı barədə məlumat verib, AMEA ilə əməkdaşlıqda maraqlı olduqlarını söyləyib.
Çıxışlardan sonra AMEA ilə Özbəkistanın Pedaqoji Təkmilləşdirmə Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və Pedaqoji Təkmilləşdirmə Mərkəzinin direktoru professor Jasurbek Salayev imzalayıblar.
13:35 23.04.2025
Oxunuş sayı: 587