BDU-da Üzeyir Hacıbəylinin irsi öyrənilir





Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika, Tarix, Filologiya, Sosial elmlər və psixologiya fakültələrinin Tələbə Elmi cəmiyyətlərinin birgə təşkilatçılığı ilə dahi Azərbaycan bəstəkarı, istedadlı publisist, dramaturq və pedaqoq Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib.
BDU-dan Crossmedia.az-a bildirilib ki, tədbirdə Üzeyir Hacıbəylinin həyat yolunu və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Tələbələrin “Üzeyir Hacıbəylinin əsərlərinə psixoloji aspektdən baxış”, “Üzeyir Hacıbəyli tarixçilərin gözü ilə”, “Üzeyir Hacıbəylinin satirik hekayələri filoloji konteksdə” və “Üzeyir Hacıbəylinin publisistikası” mövzularında məruzələri dinlənilib. Məruzəçilər ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən fədakar ziyalı Üzeyir Hacıbəylinin fəaliyyətini müxtəlif aspektlərdən təhlil ediblər.
Elmi seminarda Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Bayramlı, Milli mətbuat tarixi kafedrasının dosenti Aygün Əzimova və Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri dosent Mehman Abdullayev Üzeyir Hacıbəylinin dolğun ictimai-siyasi fəaliyyətinin azərbaycançılıq məfkurəsi ilə yoğrulduğunu qeyd ediblər. Bildiriblər ki, tələbə gənclərin bu mövzuya belə həssaslıqla yanaşması və araşdırması təqdirəlayiq addımdır.
18:20 22.04.2025
Oxunuş sayı: 839