Ekspertdən ilginc açıqlama: “Aşağı bal toplayan şagirdlər son model telefonlar işlədir”

Fransada məktəblərdə telefonlardan istifadə artıq qadağan olunub. Bu qərar daha çox şagirdlərin dərsə olan diqqətini artırmaq, sosial şəbəkədən asılılığını azaltmaq və siniflərdə nizamı qorumaq məqsədi daşıyır. Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir. Düzdür, telefonların dərs prosesində istifadəsini qadağan edən konkret bir qanun yoxdur. Artıq bir çox məktəbdə bu məsələyə ciddi yanaşılır. Məktəblər çalışır ki, şagirdlər dərsə telefonsuz daxil olsunlar. Bəzi məktəblərdə isə sinif rəhbərləri dərs başlamazdan əvvəl telefonları toplayır. Valideynlərə də əvvəlcədən xəbərdarlıq edilir ki, övladları məktəbə telefon gətirməsin.
Bu barədə Crossmedia.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, telefonların dərs prosesinə daxil edilməsi yolverilməzdir:
"Azərbaycanda hazırda ümumtəhsil müəssisələrində telefonlara müəyyən qadağalar var. Düzdür, bununla bağlı qanunvericilikdə hər hansı bir maddə yoxdur. Amma nazirliyin verdiyi əmrə görə , ümumtəhsil məktəblərinə telefon gətirmək qadağandır. Belə ki, telefonlar toplanır, tədrisə şagirdlərin telefonsuz buraxılması təmin olunur və sinid rəhbərləri dərsdən əvvəl telefonları toplayırlar”.
Ekspert bunun müsbət və mənfi tərəflərinə də toxunub:
"Tədris prosesində telefonun istifadə olunması yolverilməzdir. Çünki müəllim dərsi izah edərkən şagird bunu video qeydiyyata alıb, sosial şəbəkədə paylaşa bilər. Buna görə də tədris prossesinə telefonla şagirdlərin cəlb olunması qətiyyən yolverilməzdir. Bunu valideynlər də başa düşməlidir".
R. Nurəliyev əlavə edib ki, qəbul imtahanlarında nəticələrin aşağı olmasının əsas səbəblərindən biri də telefonlardan düzgün istifadə olunmamasıdır: “Gecə saatlarınadək telefonla vaxt keçirən şagird səhər məktəbə yorğun gəlir. Bu da onun dərsi mənimsəməsinə mane olur. Uşaq yuxulu olduğu üçün müəllimin izahını dərk edə bilmir.
Ekspert düşünür ki, bu istiqamətdə məktəblə yanaşı valideyn də öz üzərinə düşən öhdəliyi yerinə yetirməlidir: “Ana- atalar anlamalıdırlar ki, telefonun məktəbə aparılması uşağın özünə zərərlidir. Telefonun həm şagirdin tədris prosesinə, həm də tərbiyə prosesinə təsir göstərdiyini hamımız müşahidə etmişik və bunun günahkarı valideyndir. Aşağı bal toplayanların əksəriyyəti son model telefonlardan istifadə edir”.
Həmsöhbətimiz, həmçinin universitetlərdəki vəziyyətdən də danışıb: “Ali təhsil müəssisələrində sərbəstlik verilir. Amma orta məktəblərdə belə deyil. Çünki uşaq 18 yaşına çatmadığı üçün müəyyən məhdudiyyətlər tətbiq olunur. Amma ali təhsil müəssisələrində oxuyan uşaq 18 yaşı keçir. Ali təhsil müəssisəsində geyim qaydalarını pozacaq, cəmiyyətə mənfi təsir göstərəcək geyim forması geyinilirsə, o başqa bir məsələdir. Tələbənin geyiminin hər hansı bir mənfi pozuntuları yoxdursa, orada geyim məsələsində və ya telefon məsələsində qadağalar qoyulmamalıdır. Amma ali təhsil müəssisələrində telefondan yanlış yöndə istifadə olunursa, bu zaman müəyyən qadağa ola bilər.
Tələbə sərbəst formada geyimdən istifadə edib ali təhsil müəssisəsinə daxil ola bilər və yaxud da elektron cihazlardan istifadə edə bilər. Bu tələbə rahatlıqla tədris prosesinin müəyyən hissəsini müəyyən platformalardan araşdırıb mənimsəyə bilər. Müəyyən kitabxanalara daxil ola bilər. Ona görə də onlara elə bir məhdudiyyətin qoyulması doğru deyil".
Fatimə Məmmədova
22:18 12.04.2025
Oxunuş sayı: 2286