"Azərbaycan özünü sadəcə bir coğrafi məkanın məhsulu kimi deyil, tarixin subyekti kimi təqdim edir" -RƏY

Prezident İlham Əliyevin aprelin 9-da keçirilən"Yeni dünya nizamına doğru"mövzusunda beynəlxalq forumda çıxış edib. Dövlət başçısı çıxışında bir çox mühüm məsələyə oxunub.
Dövlət başçısının səsləndirdiyi fikirlər barədə Crossmedia.az-a danışan AMEA-nın elmi işçis Vüsalə Gülmalıyeva deyib ki, Azərbaycanın siyasi fəlsəfəsində coğrafi mövqenin roluna dair ifadə olunan fikir – “Coğrafiya mühümdür, lakin həlledici deyil” tezisi dövlətin öz iradəsi, qərarvermə bacarığı və tarixi yaddaşı ilə hərəkət etməsini ön plana çəkir: "Burada siyasi determinizm deyil, subyektiv iradənin və şüurlu seçimin rolu daha mühümdür. Beləliklə, Azərbaycan özünü sadəcə bir coğrafi məkanın məhsulu kimi deyil, tarixin subyekti kimi təqdim edir. Ölkə lideri çıxışında Cənubi Qafqaz regionunun gələcəkdə vahid və inteqrasiya olunmuş siyasi-iqtisadi məkana çevrilməsi ideyasını irəli sürüb.Lakin bu vizyonun həyata keçməsi Ermənistanın 10 noyabr 2020-ci il bəyanatının və davam edən sülh müqaviləsinin bütün bəndlərini tam şəkildə yerinə yetirməsinə bağlıdır. Sözügedən çıxışda ən maraqlı məqam bu oldu: Ermənistanla münasibətlərdə iqtisadi inteqrasiyadan danışmağın hələ tez olduğu bildirilsə də, etimadın mərhələli şəkildə bərpasının mümkünlüyü vurğulandı.Tarixi yaddaş məsələsinə gəldikdə, Prezident Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərin heç vaxt unudulmayacağını bildirdi. Lakin eyni zamanda, gələcəyə baxmaq üçün real dəyişikliklərin – Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması və fəaliyyətsiz Minsk qrupunun tamamilə ləğv edilməsi kimi – vacibliyi barədə də danışıldı".
Müsahibimiz söyləyib ki, Prezidentin çıxışı həm də Azərbaycanın beynəlxalq müstəvidə necə çoxvektorlu və çevik siyasət yürütməsini nümayiş etdirdi: "Türkiyə-İsrail münasibətlərinin normallaşmasında Azərbaycanın vasitəçilik rolu, ABŞ və Çinlə paralel əlaqələrin qurulması, Pakistan və Ukrayna ilə strateji tərəfdaşlıq, Rusiya ilə tarazlı münasibət, Gürcüstan və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq – bütün bunlar Azərbaycanın universal dəyərlərə əsaslanan və eyni zamanda milli maraqlarını qoruyan çoxşaxəli diplomatiyasını əks etdirir. Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyi dövründəki fəallığı, onun beynəlxalq sistemdə prinsipial və vasitəçi aktor kimi rol almasını təmin edir. Bu yanaşma yeni dünya düzənində güc siyasətinin deyil, məsuliyyət siyasətinin irəli çəkilməsi baxımından əhəmiyyətlidir. Türk Dövlətləri Təşkilatına dair vurğular isə, regional inteqrasiyanın təkcə geosiyasi deyil, eyni zamanda mədəni, etnik, dil və adət-ənənə oxşarlıqlarına söykəndiyini göstərdi. Prezident bu birlikdə yalnız siyasi maraq yox, mədəni özünüdərk və mənəvi yaxınlıq konsepsiyasının da əsaslandığını qeyd etdi. Çıxışın daha bir incə məqamı isə Şimali Kiprə münasibətlə bağlı idi. Azərbaycandan rəsmi tanınma ilə bağlı konkret bəyanat səslənməsə də, rəsmi Bakının Şimali Kipr türklərinin yanında olduğu və onların dövlətçiliyini mənəvi olaraq dəstəklədiyi bildirildi. Bu, siyasi realizmlə idealist dəyərlər arasında qurulan incə bir körpüdür".
Ləman Həsənova
15:12 11.04.2025
Oxunuş sayı: 12637