“Məktəbli avtobusu” layihəsi təqdir olunur – Ekspert rəyi

Elm və Təhsil Nazirliyi "Məktəbli avtobusu" layihəsinə başlamaq fikrindədir. Bu barədə Elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib. Burada əsas məqsəd məktəblilərin gediş-gəlişini asanlaşdırmaq və onların rahat təhsil almasını təmin etməkdir. Layihəyə müxtəlif yanaşmalar və fikirlər mövcuddur.
Bu barədə Crossmedia.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, layihə yolda sıxlığın qarşısını tam şəkildə almayacaq, sadəcə buna müəyyən qədər imkan yaradacaq: “Tam olaraq sıxlığı azaltmaq üçün başqa işlər görülməlidir və bu işlərdən biri də elə məktəbli avtobusu məsələsidir. Çünki məktəb vaxtı biz görürük ki, yollarda nə qədər intensivlik və hərəkətlilik var. Xüsusən məktəb ərazisində dayanmış maşınlar ümumi hərəkətə mane olur. Bu da təbii ki, məktəbli avtobuslarını gündəmə gətirdi və dövlət proqramında bu məsələ öz əksini tapdı. Ümid edirik ki, sınaqlar uğurla keçəcək. Hansı məktəblərdə zərurət varsa, həmin ərazilərdə də bu avtobusların hərəkəti təmin olunacaq.
Ümumilikdə bu layihəni mən perspektivli görürəm və ümid edirəm ki, təhlillər nəticəsində ən səmərəli işlər görüləcək. Ən zəruri ərazilərdə bu məktəbli avtobusları təmin ediləcək. Çünki bir çox hallarda yaxın məsafələrdə buna heç bir ehtiyac qalmır. Amma uzaq məsafələrdə və buna ehtiyac var. Uşaqların daşınması üçün elə bir sistem tətbiq edilməlidir ki, bir məktəbin ətrafında yaşayan uşaqlar da bundan istifadə etmiş olsun. Gələcəkdə məktəblərdə məhz bu prinsip üzrə götürülməlidir ki, ən yaxın ərazidə yaşayan uşaqlar götürülsün və bəzi hallarda heç avtobusa da ehtiyac qalmayacaq. Valideynlərlə də profilaktiki söhbətlər aparılmalıdır ki, daha çox ictimai nəqliyyata üz tutsunlar və yaxud da piyada hərəkətə üstünlük versinlər. Bunun üçün də həm də səkilər düzəlməlidir, yollar qaydaya salınmalıdır”.
Nurcan İsmayılova
18:11 09.04.2025
Oxunuş sayı: 1919