Qəbulun onlayn qaydada keçirilməsi prosesin daha asan olmasına xidmət edir - Ekspert açıqladı

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına əsasən, tədrisi digər dillərdə aparılan bölmələr üzrə müsahibədən uğurla keçən uşaqlar üçün əvvəlki illərdə həm prioritet, həm də müsabiqə əsasında qəbul aparılan bəzi məktəblərin I sinfinə qəbul prosesində müsabiqə yolu ilə qəbul aparılmayacaq.
Bu məktəblər arasında "Ankara məktəbi" məktəb-liseyi, 160 nömrəli Klassik gimnaziya və İltifat Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyi yer alır. Qeyd edilən ümumi təhsil müəssisələrinin I siniflərinə yalnız prioritetlər üzrə və sərbəst qaydada qəbul aparılacaq.
Qeyd edək ki, 2020-2021-ci dərs ilindən etibarən, ölkənin bütün ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlu ilk olaraq bildirib ki, məlum olduğu kimi, mayın 1-i saat 11:00-dan etibarən 2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir:
“Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq. Qəbulun onlayn qaydada keçirilməsi məsafəni azaltmaq, prosesin daha asan, tez və şəffaf olmasına xidmət edir. Başqa sözlə, valideynlər və uşaqlar evdən çıxmadan, hər hansı bir fiziki məkana getmədən rahat şəkildə qəbul prosesinə qatılmaq imkanı əldə edirlər. Ənənəvi qəbul prosesində uzun növbələrdə gözləmək və qeydiyyat üçün müəyyən vaxt sərf etmək tələb olunur. Onlayn sistemdə isə bu, sadəcə internet bağlantısı və bir neçə “klik”lə həll olunur. Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir. Bu il Azərbaycan bölməsi üzrə 85 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək. Dövlət ümumi təhsil müəssisələrinin tədrisi digər dillərdə aparılan birinci siniflərinə qəbul, uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə təşkil olunan müsahibə komissiyalarının rəyi əsasında həyata keçirilir”.
Onun sözlərinə görə, müsahibə zamanı uşağın həmin dilin qrammatikasını, söz ehtiyatını və düzgün tələffüzünü necə istifadə etdiyinə diqqət yetirilir:
“Uşağın həmin dil üzrə səviyyəsi yüksəkdirsə və komissiyanın rəyi müsbət olarsa, o, həmin məktəbdə həmin dil üzrə tədris aparılan sinfə qəbul edilə bilər. Əks halda, uşağın dil bacarıqlarının tədrisə uyğun olmadığı halda, başqa bir tədris dili seçimi ilə qəbul edilmə ehtimalı daha yüksək ola bilər. Bu prosedur, uşağın dərsləri yaxşı mənimsəməsi və tədris dili ilə bağlı çətinlik yaşamaması üçün mühüm bir addımdır. Tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibədən uğurla keçmiş uşaqlar üçün əvvəlki illərdə prioritet və eyni zamanda müsabiqə əsasında qəbul aparılan "Ankara məktəbi" məktəb-lisey, 160 nömrəli Klassik gimnaziya və İltifat Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyinin I sinfə qəbul prosesində müsabiqə yolu ilə qəbul aparılmayacaq. Bu yeni yanaşmanın məqsədi, qəbul prosesini daha asan və ədalətli etmək ola bilər. Tədris digər dillərdə aparılan bölmələr üzrə prioritet və eyni zamanda müsabiqə əsasında qəbul aparılan digər 6 ümumi təhsil müəssisəsinə müraciətlərin sayından asılı olaraq müsabiqələrin keçirilib keçirilməməsi barədə qərar proses dövründə veriləcək. Bu, deməkdir ki, müraciət edənlərin sayı müəyyən bir həddə çatarsa, müsabiqə keçirilməsi nəzərdə tutulacaq. Əks halda, müsabiqə mərhələsi ləğv edilə bilər. Bu, müraciət sayı və məktəblərin tələblərinə əsaslanacaq bir proses olacaq”,- deyə R.Fikrətoğlu fikrini yekunlaşdırıb.
Nəzrin Salmanova
22:00 08.04.2025
Oxunuş sayı: 7022