İnstitutlar birləşdirildi – Bundan sonra nə olacaq? - AÇIQLAMA

Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq sərəncamına əsasən, nazirliyin tabeliyində olan bir sıra elmi-tədqiqat institutlarının struktur baxımından optimallaşdırılması nəzərdə tutulur. Bu barədə Elm və Təhsil Nazirliyinin yaydığı məlumatda deyilir. Bildirilir ki, elmi idarəetmənin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edən, institutlararası əməkdaşlığın gücləndirilməsi baxımından mühüm strateji sənəd olan Sərəncam əsasında oxşar və bir-birini tamamlayan istiqamətlər üzrə fəaliyyət göstərən institutlar birləşdirilərək ixtisaslaşmış 8 institut - Geologiya, Coğrafiya, Fizika, Kimya, Riyaziyyat, Botanika, Canlı Sistemlər və Molekulyar Biologiya institutları yaradılacaq.
Elm və Təhsil Nazirliyinin tabeliyindəki bir sıra elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və eyni istiqamətdə fəaliyyət göstərən institutların birləşdirilməsi barədə Crossmedia.az saytına açıqlama verən Milli Məclisin deputatı, professor Anar İsgəndərovun sözlərinə görə, Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının tərkibindən çıxarılaraq Elm və Təhsil Nazirliyinə daxil edilən institutlarla bağlı sərəncam imzalamışdır: “Sərəncamın mahiyyətində duran əsas məsələlər bunlardır: İlk olaraq, oxşar profilli institutlar birləşdirilir. İkincisi, yeni institutlar yaradılır. Üçüncüsü, bir neçə institut ali təhsil müəssisələrinin tərkibinə verilir. Və nəhayət, bəzi institutlara publik hüquqi şəxs statusu verilir. Bu addımlar, vaxtilə Milli Elmlər Akademiyasının tərkibində fəaliyyət göstərən institutlara elmə daha geniş şəkildə töhfə vermək imkanı yaradıb.
Üstəlik, dünya təcrübəsi göstərir ki, ali məktəblərin əsas xüsusiyyətlərindən biri təhsil, tədris və tədqiqat işlərinin birgə şəkildə həyata keçirilməsidir. Azərbaycan da bu istiqamətdə inkişaf edərək, bu modeli tətbiq etməyə başlayır”.
Millət vəkili sərəncamla bağlı bəzi qrupların, şəxslərin səsləndirdiyi neqativ fikirlərini isə onların dünya elminin və təhsil sisteminin əsas mahiyyətindən xəbərsiz olmaqla əsaslandırıb: “Çünki bu qərarın özü dünya miqyasında qəbul edilmiş praktikaya uyğun şəkildə atılmış uğurlu addımdır və elmi ictimaiyyət tərəfindən təqdir olunur. Sumqayıt və Gəncədə yerləşən institutların ali məktəblərin tərkibinə verilməsi nəticəsində tədris, təhsil və tədqiqat fəaliyyəti birgə həyata keçiriləcək və bu yanaşma onların daha səmərəli işləməsinə şərait yaradacaq".
Professor bildirib ki, tarixi baxımdan da belə bir yanaşma əsaslıdır: “Vaxtilə Sovet İttifaqının 15 respublikasının hər birində Milli Elmlər Akademiyaları mövcud idi və bu institutlar istehsalatla sıx əlaqədə fəaliyyət göstərirdilər. SSRİ-nin dağılmasından sonra isə institutlararası əlaqələr zəiflədi, istehsal sahələrinin əksəriyyəti fəaliyyətini dayandırdı. Hazırda institutların faydalı iş əmsalını artırmaq və orada çalışan alim və ziyalıların sosial rifahını yaxşılaşdırmaq üçün ölkə daxilində təhsil və tədqiqat müəssisələrinin inteqrasiyasına böyük ehtiyac duyulurdu. Bu inteqrasiya xarici deyil, ilk növbədə ölkə daxilində – mövcud təhsil müəssisələri və tədqiqat mərkəzləri ilə həyata keçirilir. Bütün bu birləşmələr və islahatlar, institutların fəaliyyətinin səmərəliliyini artırmağa xidmət edir".
Sonda A. İsgəndərov vurğulayıb ki, prezidentin bu sərəncamı Azərbaycanda elmin, təhsilin və tədqiqatların inkişafı üçün geniş imkanlar yaradır. O, həmçinin gələcəkdə bu istiqamətdə yeni qərarlar veriləcəyinə inandığını bildirib.
Pərvin Hacıyeva
16:30 08.04.2025
Oxunuş sayı: 2771