8 Mart və Azərbaycan qadını

Qadınlar bayramı hər il
bir çox sivil ölkələrdə ən yüksək şəkildə qeyd edilir, dünyada bu əlamətdar
günün tarixi barədə çox yazılmışdır, çox
bəhs olunmuşdur, ancaq səmimi etiraf etmək lazımdır ki, hələ də dünya ölkələrinin
əksəriyyətində qadınların problemləri həll
olunmayıbdır... Düşüncəmə görə, bu o zaman baş verə bilər ki, dünyada münaqişələrə,
müharibələrə, hər cür dini, irqi, milli ayrımçılıqlara, qadın zorakılıqlara son verilsin...
8 Mart – bu
günün mahiyyəti nədir, nə üçün məhz 8 Mart !
Bu günün tarixinə nəzər salaq. Hələ XIX əsrin sonlarında bu
günün çox böyük tarixi olmuşdur. Bəşər
tarixində əlamətdar günlərin hamısının bir mənası, hansısa hadisə ilə bağlılığı
olmuşdur və vardır. Çünki, bu günümüzdə
həm dünyada və eləcə də ölkəmizdə hansısa əlamətdar, yaxud da tarixi
hadisələrin qeyd edildiyi günlər mövcuddur. “8 Mart günü”nün dünyada, o cümlədən
Azərbaycanda “Beynəlxalq Qadınlar Günü” kimi qeyd olunmasına gəldikdə isə bir
az yaxın tarixə qayıtmalı olacağıq.
Tarixdə 8 Mart günü alman mənşəli Klara Setkinin adı ilə bağlıdır və belə də qəbul olunub. Kimdir Klara Setkin?
Klara Setkinə qədər hadisələr necə olub, nə baş vermişdir ki, bu gün meydana gəlmiş
və hətta Beynəlxalq səviyyədə indi bütün dünyada qeyd olunur?
Bu günlə bağlı tarixdə bir çox versiyalar var. Amma nəticə etibarilə
qadınlarla bağlı olaraq qadınların azadlığı, kişilərlə bərabərhüquqlu olması
kimi mühüm məsələ fikrimizcə, bu əlamətdar günün əsasını təşkil etmişdir. Əslən
alman olan Klara Setkin qadınların hüquqlarının qorunması, söz azadlığı, ailədə,
cəmiyyətdə kişilərlə bərabərhüquqlu olması tələbləri ilə çıxışlar edirdi.
Qadınların azadlıq hərəkatı, onların iş saatlarında qısalmalar, əmək
haqqlarının vaxtında verilməsi və eyni zamanda qadın əməyini dəyərləndirmək,
onları qiymətləndirmək kimi məsələlər həmişə gündəmdə olmuşdur. Sadaladığımız
bu məsələlər müxtəlif illərdə dünyanın bir çox ölkəsində qabardılmışdır. Məsələn,
1908-ci ildə Amerikada, 1910-cu ildə Almaniyada qadınların etiraz nümayişləri və
160 qadının yandırılaraq məhv edilməsi) tarixə düşmüşdür. Təbii ki, qadın
hüquqları uğrunda mübarizə yalnız qeyd olunan ölkələrlə məhdudlaşmır ərazi
baxımıdan onlara yaxın ölkələr də (Avstriya-Macarıstan, Danimarka və İsveçrədə)
bu aksiyanı dəstəkləmişlər. Belə düşünürəm ki, əgər həyat rəvan olsa idi
qadınlar belə nümayişlərə əl atmazdılar.
Artıq iki əsrə yaxındır ki, hər il dünyanın bir çox ölkələrində “8 Mart Beynəlxalq Qadınlar günü”nü dövlət səviyyəsində
qeyd edirlər. Bu qarşı cins tərəfindən hədiyyəli, güllü-çiçəkli qeyd olunan “8 Mart”
bayram görək Azərbaycan qadınına necə başa gəlib?
Bəs Azərbaycan qadınlarının azadlığı, başına gələn və gətirilən hadisələr
hansılar olmuşdur? Hələ 1905-1907, 1915, 1948-53 və nəhayət 1988-1992-ci illərdə
Azərbaycan qadınının həyatında hansı faciələr, hansı ziddiyyətli məqamlar
olmuşdur? Tarixi kitablardan, internetdən və s.-dən dünyada qadınlarla bağlı
hadisələri oxuyuruq. Böyük tarixi arxivə malik olan Azərbaycan qadınının başına
gətirilən faciələr heç də amerikalı, alman, icveç qadınlarının faciələrindən
geri qalmayıb.
Tarixdən də məlumdur ki, Azərbaycan qadını vətənini, elini-obasını
sevən, ailəsinə, milli mentalitetinə hörmət edən, igid sərkərdələr, mərd
oğullar dünyaya gətirən Şərqin ən nüfuzlu qadınıdır. Mübaliğəsiz desək, bəlkə də
Azərbaycan qadını dünya qadınları içərisində ən sədaqətli, ən zəhmətkeş, vətənpərvər
və ailə dəyərlərini daima uca tutan qadındır. Azərbaycan qadını üçün öz ailəsi,
əzizləri, övladları qədər həmişə yanaşı yaşadıqları xalqın, qonşuların dəyərləri
də uca tutulmuş, qiymətləndirilmişdir.
Azərbaycan qadını həmişə sülhü, mehribançılığı, birgəyaşayışı, bəşəri dəyərləri
dəstəkləmişdir. Ancaq tarixin digər həqiqətləri də vardır. Yaxın yüz ilin
tarixinə nəzər yetirsək yüksək nailiyyətlərlə bərabər Azərbaycan qadınının həm
də ağır və acılı günlərinin də şahidi oluruq.
Ona görə də etiraf edək ki, bütövlükdə ötən əsrdə Azərbaycan
qadınının həyatı heç də rəvan olmayıbdır. Keçən əsrdə Azərbaycan qadını hissə-hissə
müsibətlərə düçar olmuşlar, dörd mərhələdə ermənilər tərəfindən qadınlarımızın,
qızlarımızın və körpə qız övladlarımızın başına olmazın müsibətlərini
açılmışdı. Neçə dəfə deportasiyalara, soyqırımlara, qaçqınlığa düçar
olmuşdular. Nə qədər ziyalı, bacarıqlı qadın və qızlarımızı bu müsibətlər
zamanı məhv etdilər. Kəndləri, şəhərləri
yandırıb talan edəndə, vəhşicəsinə onları güllələyəndə Azərbaycan qadınının
harayını heç bir ölkə eşitmədi, hansısa etiraz səsini ucaltmadı. Avropada Klara
Setkin 1910-cu ildə mübarizəyə qalxmışdı. Lakin Azərbaycan qadınının, qızının
işgəncələrə, qətllərə məruz qalması 1905-ci illərdən başlamışdı. Söhbət burada
həmin illərdə Azərbaycan qadınına əməkhaqqının az verilməsindən, iş saatının
azaldılması və s. deyil, konkert olaraq öldürülməsi, məhv edilməsindən gedir.
Qərb və postsovet ölkələrində XX əsr yeniliklər, sakitlik,
sabitlik dövrü kimi tarixdə qeyd olunmaqla yanaşı, bu əsrdə həm də insan
hüquqlarının, qadın hüquq və azadlıqlarının qorunması əsri kimi qeyd edilir. Lakin məhz bu əsrin əvvəllərindən
başlayaraq Azərbaycan qadını ən qəddar
haqsızlıqlarla üzləşirdi. Bu faciələrin təməlində erməni təbliğatı, erməni
qadınının azərbaycanlılara qarşı apardığı nifrət hissinin aşılanmasıyla baş
verirdi...
İllər ötdü, böyük siyasət və
zamanın hökmü nəticəsində
torpaqlarımız işğaldan azad edildi. Bu mübarizədə Azərbaycan qadınının şücaətinin
həddi-hüdudu varmı? Qarabağın erməni terrorçuları tərəfindən işğalı, daha sonra
qəhrəman oğullarımızın mübarizəsi ilə azad olunması zamanı məhz müharibədə həkim, ziyalı, jurnalist,
tibb bacısı olan Azərbaycan qadınları qəhrəmancasına həlak oldular. Düzdür, belə
bir deyim var: həyat davam edir, lakin tarixdə bu insanlar öz misilsiz qəhrəmanlıqları
ilə qaldılar. Ən son, hansı ki, dünyaya səs salan Xocalı faciəmiz – Ermənilər və
onların havadarları yüzlərlə qadın və qızlarımızı xüsusi amansızlıqla qətlə
yetirdilər, nəsilləri yer üzündən sildilər. Bəs həmin qətliamlarda dünya ölkələri
Azərbaycan qadınını müdafiə etdimi, heç düşündümü, bu haqda hansısa məsələni,
hüququn müdafiəsi tələbini irəli sürdümü? Təbii ki, yox! Lakin biz həm də onu etiraf etməliyik ki,
bütün bu ağrı, bu acı məhz geridə qaldı, indi Azərbaycan qadını tam azad şəkildə
öz həyatını davam etdirməkdədir.
Ulu Öndər Heydər Əliyevin iki dəfə Azərbaycan Dövlətinə rəhbərliyi
dövründə Azərbaycan qadınına, onun ziyalısına, təsərrüfatda çalışan əmək
qadınlarına, gənc qızlarımıza dərin hörmət və ehtiramının tarixdə özünəməxsus
yeri olmuşdur. İkinci dəfə hakimiyyətə gəldikdən sonra H.Əliyev müstəqilliyini
bərpa etmiş Azərbaycan dövlətinin qadınını, onun əməyini, fəaliyyətini düşünərək 14 yanvar
1998-ci il tarixdə Qadın Problemləri üzrə Dövlət Komitəsi haqqında Fərman
imzaladı. Çünki müstəqilliyini bərpa etmiş, suverenliyini qazanmış, öz müqəddəratını
həll etməyə qadir olan Azərbaycan dövlətinin vətəndaşı, qadını üçün bu fərman zəruri
olaraq lazım idi. H.Əliyev çox uzaqgörən, milli-mənəvi dəyərlərimizə hörmət edən,
tariximizin keşmişi və bu gününə dərindən bələd olan Dahi şəxsiyyətdir. Bu baxımdan Azərbaycan qadınının fəaliyyətində
qabaqcıl elm xadimlərini, həkimləri, müəllimləri, sadə əməkçi qadınları həmişə
önə çəkmiş və mükafatlandırmışdır.
H.Əliyevin
qadınlar haqqında verdiyi qərarı Ali Baş Komandan, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Qadın Problemləri üzrə Dövlət Komitəsinin ailə və
uşaqlarla əlaqəsinin labüdlüyünü nəzərə alaraq 2006-cı il 6 fevral tarixli “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi” Fərmanını imzaladı.
Yaradılmış bu komitənin işi və fəaliyyəti bu gün artıq çox böyük işlər
görür. Azərbaycan Dövlətinin Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın
başçılığı, bilavasitə rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı çoxlu sayda əhəmiyyətli
işlər görülür. Mehriban Əliyeva ölkəmizin paytaxtında, eləcə də bütün bölgələrində
qadınlarımızın həyat fəaliyyəti, onların yaşayış tərzi, çatışmazlıqları, xəstə
və aztəminatlı ailələrin vəziyyəti ilə daima maraqlanır və dövlət səviyyəsində
lazımi tədbirlərin görülməsinə şəxsən nəzarət edir.
Yeri gəlmişkən, 2025-ci il “11 Fevral 2025-ci il “Azərbaycan: Elmdə qadın və qızlar dünya paytaxtı ili”
elan olunub. Bu əlamətdar qərar Azərbaycan
qadınına, onun elmdə göstərdiyi nailiyyətlərinə olan diqqət və qayğıdan xəbər
verir. Hər il Ölkə başçısı Cənab İlham Əliyev
8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik müraciəti edir. Və
bu bayram ölkəmizin hər yerində qeyd edilir, müəssisələrdə əməkdə fərqlənən
qadınlara mükafatlar verilir. Bunlar qadınlarımızda ctimul yaradır.
Bu gün artıq Azərbaycan qadınının işğalda olan torpaqları yoxdur. Məhz
qürurlu, başı uca Azərbaycan qadınının qəhrəman oğul övladları 44 gün içərisində
Prezidentimizin rəhbərliyi və Şanlı Ordumuzun əsgər və zabitlərinin şücaəti nəticəsində
düşmənlərimizdən: ermənilərdən təmizləndi. Biz bir Xalq kimi qalib gəldik və Azərbaycan
qadınının necə oğullar dünyaya gətirdiyini sübut etdik. A. Düma Qafqaz bölgəsi
üçün belə demişdir: “Qafqazda bir xalq var: Azərbaycan xalqı”.
Sonda keçən əsrdəki bütün faciələri üstələyən məğrur Azərbaycan Qadını
bu gün 8 Mart Qadınlar bayramını öz azad, müstəqil, suverenliyini rəsmən təsdiq
etmiş ölkəsində bayram edə bilər. Əziz Azərbaycan Qadını bayramın mübarək!!!
Xanımağa İsmayılova
YAP Yasamal rayon təşkilatının fəalı,
AMEA Fəlsəfə
və Sosiologiya İnstitutu Azərbaycan fəlsəfə tarixi şöbəsinin elmi işçisi
15:46 07.03.2025
Oxunuş sayı: 14535