Türkiyədə 18 yaşlı qız sevgilisi tərəfindən qətlə yetirildi
Türkiyənin Bursa vilayətinin Karacabey rayonunda 18 yaşlı Gökçe Alkan mübahisə etdiyi 24 yaşlı sevgilisi Mustafa B. tərəfindən boğazı kəsilərək öldürülüb.
Crossmedia.az xəbər verir ki, Türkiyə mediası bu barədə məlumat yayıb.
Hadisə ötən gün saat 22:00 radələrində Güngörmez məhəlləsindəki meşəlik ərazidə baş verib. İddiaya görə, Gökçe Alkan və Mustafa B. avtomobillə əraziyə gəliblər. Aralarında yaranan mübahisə böyüdükdən sonra şübhəli şəxs bıçaqla gənc qızın boğazını kəsib.
Hadisədən sonra piyada şəkildə məhəlləyə gələn şübhəli sakinlərə mübahisə etdiyi şəxsin öldüyünü deyib və rayon mərkəzinə getmək üçün onlardan kömək istəyib.
Məlumata görə, şübhəli şəxs özü də bıçaqla xəsarət alıb və boyun nahiyəsində kəsilmiş yara olub.
Sakinlərin məlumatı əsasında hadisə yerinə tibbi yardım və jandarma əməkdaşları göndərilib. Həkimlər Gökçe Alkanın hadisə yerində öldüyünü müəyyən ediblər.
Mərhumun meyiti məhkəmə-tibbi ekspertizası üçün Bursa Məhkəmə-Tibb Ekspertizası Müəssisəsinin morquna aparılıb.
18:18 09.10.2026
Oxunuş sayı: 127