Trampın reytinqi 33 faizə düşüb
ABŞ Prezidenti Donald Trampın fəaliyyətini bəyənənlərin göstəricisi 33 faizə enərək onun hazırkı prezidentlik müddətinin ən aşağı səviyyəsinə düşüb.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Avqustun əvvəlində Trampın fəaliyyətini dəstəkləyənlərin göstəricisi 35 faiz olub. Respondentlərin 64 faizi isə onun fəaliyyətini bəyənmədiyini bildirib. Hazırkı 33 faizlik göstərici Trampın ilk prezidentlik müddətində 2017-ci ilin dekabrında qeydə alınan ən aşağı nəticə ilə eynidir.
Dəstəyin azalmasının əsas səbəblərindən biri amerikalıların ABŞ-nin İranla müharibəsi ilə bağlı narahatlığı olub. Respondentlərin təxminən 80 faizi ABŞ-ın münaqişədə iştirakının uzun müddət davam edəcəyini düşünür. Yalnız 16 faiz müharibənin bir neçə həftə ərzində başa çatacağını gözləyir.
Sorğuda iştirak edənlərin cəmi 20 faizi İranla müharibənin buna dəyər olduğunu bildirib. Respublikaçılar arasında bu fikri dəstəkləyənlərin payı təxminən yarıdır.
Münaqişə amerikalıların iqtisadi gözləntilərinə də təsir edib. Müharibə səbəbindən yanacağın bahalaşması ev təsərrüfatlarının yaşayış xərcləri ilə bağlı narahatlığını artırıb.
Bu fonda iqtisadiyyatın və yaşayış xərclərinin idarə olunması məsələsində demokratlar respublikaçılardan üstün mövqeyə çıxıb. Bunun noyabrda ABŞ-də keçiriləcək aralıq seçkiləri ərəfəsində əhəmiyyət daşıya biləcəyi qeyd olunur.
İmmiqrasiya məsələsində isə respublikaçılar cüzi üstünlüyünü qoruyur. Respondentlərin 40 faizi bu sahədə respublikaçıların, 38 faizi isə demokratların siyasətinə üstünlük verir. 2025-ci ilin əvvəlində respublikaçıların üstünlüyü 26 faiz bəndi təşkil edib.
10:09 18.08.2026
Oxunuş sayı: 53