Son bir ayda İsrail ilə Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) arasında iki gərgin hadisə baş verib. İlk hadisə Livanda bir HƏMAS komandirinin döyüş zamanı öldürülməsi ilə əlaqədardır. Məlum olub ki, bu şəxs UNRWA əməkdaşı idi və məzuniyyətdə idi. Bu fakt bir daha bəzi UNRWA işçilərinin İsrailə qarşı terror fəaliyyəti ilə əlaqədə olmasını gündəmə gətirib. Digər hadisə isə bazar ertəsi İsrail parlamentinin Knessetdə qəbul edilmiş iki qanun layihəsi ilə bağlıdır. Bu qanunlardan biri UNRWA-nın İsraildə fəaliyyətini qadağan edir, digəri isə rəsmi İsrail nümayəndələri ilə UNRWA işçiləri arasında hər hansı əlaqəni yasaqlayır.
Bununla bağlı Atlantic Council informasiya agentliyi məqalə dərc edib. Nəşr Fələstin xalqının həyat şəraitini yaxşılaşdırmaq və İsrailin təhlükəsizliyini təmin etmək üçün atıla biləcək addımları sadalayıb.
Crossmedia.az məqaləni təqdim edir:
"UNRWA işçilərinin bir qismi 7 oktyabr 2023-cü il tarixində HƏMAS tərəfindən İsrailə qarşı törədilmiş qətliamın hazırlanması, dəstəklənməsi və təbliğində müxtəlif səviyyələrdə iştirak edib. Bundan əlavə, UNRWA binalarının altında Həmas tunelləri aşkar edilib, əməliyyatları üçün isə UNRWA-nın informasiya texnologiyaları infrastrukturundan və elektrik enerjisindən istifadə olunub. Bəzi hallarda isə UNRWA obyektlərində və ya onların yaxınlığında döyüş sursatı anbarları və snayper mövqeləri yerləşdirilib.
Bu hallar beynəlxalq reaksiyaya səbəb olub və ilin əvvəlində təxminən iyirmi ölkə UNRWA-ya maliyyə yardımlarını dayandırıb. Lakin Qəzzada humanitar vəziyyətin ağırlaşması ilə bəzi ölkələr bu yardımları mart ayında bərpa etməyə başlayıb. Aprel ayında isə Fransanın keçmiş xarici işlər naziri Ketrin Kolonna tərəfindən Birləşmiş Millətlər Təşkilatının sifarişi ilə həyata keçirilən təhqiqat UNRWA-nın bitərəfliyində ciddi problemlərin olduğunu göstərdi və təkmilləşdirmə üçün ən azı əlli tövsiyə təqdim edildi.
Bu gün Qəzza zolağında baş verən humanitar fəlakət fonunda, beynəlxalq ictimaiyyət tərəfindən Qəzzaya humanitar yardımın əsas təminatçısı kimi qəbul edilən UNRWA-nın vəziyyəti bir daha gündəmə gəlib. Lakin bəzi hallarda İsrailin UNRWA ilə əlaqələri qadağan etməsi, bəzi işçilərinin İsrail vətəndaşlarına qarşı silahlı fəaliyyətdə birbaşa iştirak etdiyi hallarla əlaqədar narahatlıq yaradır.
Bu şərtlər altında biz UNRWA-da islahatlar aparılması üçün üç maddədən ibarət plan təklif edirik. Bu planın məqsədi Fələstinlilərə təhlükəsiz və effektiv xidmət göstərmək, İsrail üçün təhlükə riskini aradan qaldırmaq və Fələstin dövlətçiliyinə dair danışıqlara maneələri aradan qaldırmaqdır.
Birinci addım: Qəzzada fəaliyyət göstərən təşkilatları gücləndirin və dəstəkləyin.
Hal-hazırda UNRWA Qəzzadakı humanitar yardımın 17 faizini təmin edir, Dünya Ərzaq Proqramı 33 faizini, Misir Qızıl Ayparası isə 20 faizini həyata keçirir. UNRWA-nın iş yükünü paylaşan digər təşkilatlar arasında Dünya Mərkəzi Mətbəxi (tanınmış aşpaz Xose Andrésin təşkilatı), BMT Layihə Xidmətləri Ofisi və BMT-nin Uşaq Fövqəladə Hallar Fondu (UNICEF) da yer alır.
Birinci addım olaraq, Knesset tərəfindən qəbul edilən yeni qanun layihəsinin qüvvəyə minməsinə qədər qalan üç ay ərzində Qəzzada fəaliyyət göstərən bu təşkilatları gücləndirmək üçün beynəlxalq səyləri artırmaq vacibdir. Bu, UNRWA-nın Qəzzadakı ənənəvi inhisarını zəiflədərək, HƏMAS ilə əlaqələrini məhdudlaşdırmağa kömək edər və eyni zamanda Qəzzadakı humanitar böhranı yumşaltmaq üçün effektiv yol təqdim edər. Bu məqsədə çatmaq üçün, UNRWA-ya ianə edən dövlətlər maliyyə vəsaitlərini digər humanitar təşkilatlara yönəldərək töhfələrini diversifikasiya etməlidir. İsrail isə bu təşkilatlarla səmərəli kommunikasiya xətləri quraraq gələcək əməkdaşlıq üçün şərait yaratmalıdır.
İkinci addım: UNRWA obyektlərinin təhlükəsizliyini artırın.
Aprel ayında hazırlanan İcmal Qrupu hesabatında qeyd olunub ki, UNRWA-nın terror fəaliyyətində iştirakı ilə bağlı kritik pozuntuları müəyyənləşdirmək üçün BMT agentliyi olaraq tələb olunan hüquqi və istintaq səlahiyyətlərinə malik deyil. Bu problem yeni deyil: 2015-ci ildə BMT Baş katibi Pan Gi Mun UNRWA obyektlərinin İsrailə qarşı terror fəaliyyəti üçün sui-istifadə edildiyini vurğulamışdı.
Bu problemi həll etmək üçün UNRWA donor dövlətləri işə qarışa bilər. Milli bürolardan ən azı iki istintaq təcrübəsinə malik məmur təyin edilərək, UNRWA-ya deyil, birbaşa üzv dövlətlərə və BMT Baş katibinə hesabat verən müvəqqəti işçi qrupuna yönəldilə bilər. Bu işçi qrup, UNRWA rəsmiləri ilə Qəzzadakı terror təşkilatları arasında mümkün əlaqələr barədə aylıq hesabat təqdim edəcək.
Üçüncü addım: UNRWA-da islahatlara başlamaq.
Knesset qanun layihəsi qüvvəyə minməzdən əvvəl, UNRWA Qəzza Nəzarət Qrupunun hesabatında qeyd olunan tövsiyələri həyata keçirməyə başlamaq üçün konkret addımlar atmalıdır. Buradakı əsas problemlərdən biri UNRWA əməkdaşlarının 99,2 faizinin yerli işçi olmasıdır, bu isə beynəlxalq işçilərin sayının çox az olduğunu göstərir.
Bu balanssızlığı aradan qaldırmaq üçün BMT və üzv dövlətlər beynəlxalq işçilər üçün iş vizalarının təmin edilməsində İsraillə əməkdaşlıq etməlidir. Əks halda, UNRWA-nın Qəzzadakı fəaliyyət və islahat səyləri yavaşlayacaq. İcmal Qrupu hesabatında göstərilir ki, yerli işçiləri təmsil edən həmkarlar ittifaqları UNRWA rəhbərliyinə qarşı təzyiq və təhdidlərdən istifadə edərək layihələrin icrasına təsir göstərirlər. Bu, həmçinin UNRWA-nın digər yerli təşkilatlarla tərəfdaşlıqdan çəkinməsini izah edir, çünki bəzi işçi assosiasiyaları tərəfdaşlıqları UNRWA-nın fəaliyyətinin sona çatması təhlükəsi kimi görür və beləliklə, təşkilatın sağ qalmasını onun xidmət etməli olduğu əhalinin maraqlarından üstün tuturlar.
Bu üç addımın həyata keçirilməsi, həm Qəzza zolağında humanitar xidmətlərin yaxşılaşdırılmasına, həm də İsraillə davam edən gərginliyin azaldılmasına kömək edə bilər".
Gülay Qəribova