Azərbaycanda su ehtiyatları məsələsi, ölkənin davamlı inkişafı üçün ciddi bir problem kimi çıxış edir. Ölkə ərazisində formalaşan su ehtiyatlarının böyük hissəsi xarici ölkələrdən gəlir ki, bu da su təchizatının azalmasına səbəb olur. Bu vəziyyət, su resurslarının səmərəli və qənaətli istifadəsinin vacibliyini ön plana çıxarır.
Mövzu ilə bağlı ekoloq Rövşən Abbasov Crossmedia.az-a açıqlamasında bildirib:
“Azərbaycanda su ehtiyatları ilə bağlı problemlər qlobal miqyasda baş verən iqlim dəyişikliklərinin və ölkənin özünəməxsus coğrafi şəraitinin nəticəsidir. Azərbaycanda su ehtiyatlarının çoxu ölkə xaricindən gəlir ki, bu da ölkədə su ehtiyatlarının azalmasına səbəb olur. Buna görə, su resurslarından daha qənaətlə və səmərəli istifadə etmək zəruridir. Bu çətinliklərin öhdəsindən gəlmək üçün, su texnologiyalarının tətbiqi və suya dayanıqlı infrastrukturun qurulması vacibdir”.
Rövşən Abbasovun fikirlərinə görə, bu texnologiyalar, su istifadəsini azaltmağa və su itkilərinin qarşısını almağa kömək edir:
“Hazırda Azərbaycanın milli adaptasiya proqramında bu istiqamətdə bir çox məqsədlər müəyyən edilib və bu istiqamətdə işlər görülməkdədir. Məqsədimiz, yaxın 5-10 il ərzində iqtisadiyyatımızı az su istifadə edən iqtisadiyyata çevirməkdir. Bu çərçivədə, su itkilərinin qarşısını almaq və daha müasir su əldə etmə metodlarından istifadə etməyə imkan verən texnologiyalara keçid edilməsi planlaşdırılır.
Bütün bu tədbirlər, su ehtiyatlarının səmərəli və dayanıqlı idarə edilməsinə yönəlib və su qıtlığının fəsadlarını yüngülləşdirməyi hədəfləyir. Azərbaycanın su ehtiyatlarının qorunması və effektiv istifadəsi, ölkənin gələcək inkişafı və xalqın rifahı üçün həyati əhəmiyyət daşıyır”.
Samirə Şərif