CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: KOSDAQ

10:51 15.10.2026

Cənubi Koreya birjalarında çöküş: Ticarət dayandırıldı

66

Cənubi Koreyanın əsas fond indeksləri cümə axşamı təxminən 8 faiz ucuzlaşıb. Kəskin eniş nəticəsində ölkənin iki əsas fond bazarında ticarət müvəqqəti dayandırılıb. Crossmedia.az xəbər verir ki, bu barədə yerli media Koreya Birjasının məlumatlarına istinadən xəbər yayıb. Bildirilib ki, Cənubi Koreyanın əsas fond indeksi olan KOSPI 480,76 bənd və ya 8,68 faiz azalaraq 5 528,05 bəndə düşüb. Yerli vaxtla saat 12:38-də kəskin eniş səbəbindən birjada avtomatik ticarəti dayandırma mexanizmi işə salınıb. Texnologiya şirkətlərinin üstünlük təşkil etdiyi KOSDAQ indeksi isə 8,01 faiz və ya 66 bənd geriləyərək 757,88 bəndə enib. Nəticədə hər iki bazarda əməliyyatlar 20 dəqiqəlik dayandırılıb. Ən böyük itkilər yarımkeçirici istehsalçılarının səhmlərində qeydə alınıb. Belə ki, “Samsung Electronics” şirkətinin səhmləri təxminən 10 faiz, “SK hynix”in səhmləri isə 11 faizdən çox ucuzlaşıb. Məlumata görə, xarici investorlar əsas fond bazarında 2,9 trilyon von (təxminən 2,15 milyard dollar) dəyərində xalis səhm satışı həyata keçiriblər. Yerli fərdi və institusional investorların alışlarına baxmayaraq, bu proses bazarlarda satış təzyiqini gücləndirib. Kəskin ucuzlaşmanın əsas səbəblərindən biri ABŞ-da inflyasiyanın gözləntiləri üstələməsi olub. Sentyabr ayında ölkədə istehlak qiymətləri əvvəlki ayla müqayisədə 0,6 faiz, illik ifadədə isə 3,7 faiz artıb. Halbuki bazar iştirakçıları illik inflyasiyanın 3,6 faiz olacağını proqnozlaşdırırdılar. Bu göstəricilər ABŞ Federal Ehtiyat Sisteminin faiz siyasəti ilə bağlı narahatlıqları artırıb. Eyni zamanda, süni intellekt sahəsinə yatırılan böyük həcmli investisiyaların gözlənilən gəlirliliyi təmin edib-etməyəcəyi ilə bağlı şübhələr texnologiya şirkətlərinin səhmlərinə mənfi təsir göstərib. Qeyd edək ki, bundan əvvəl ABŞ fond bazarlarında da geriləmə müşahidə olunub. “Nasdaq Composite” indeksi 1,88 faiz, “S&P 500” isə 1,11 faiz ucuzlaşıb. “Yonhap” agentliyinin məlumatına görə, Cənubi Koreyanın əsas fond indeksi cümə axşamından əvvəl ardıcıl altı ticarət sessiyası ərzində geriləmişdi. Koreya Birjasının qaydalarına əsasən, əsas indeks əvvəlki bağlanış səviyyəsindən azı 8 faiz aşağı düşdükdə və bu vəziyyət bir dəqiqə davam etdikdə ticarət 20 dəqiqə müddətinə avtomatik dayandırılır.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR