Kimin evində sirkə varsa - Ehtiyyatlı olsun
Sirkədən zəhərlənmə nəticəsində iki nəfərin həyatını itirməsi məişətdə istifadə olunan kimyəvi maddələrlə ehtiyatlı davranmağın vacibliyini bir daha gündəmə gətirib. Xüsusilə sirkə turşusunun yüksək konsentrasiyalı formaları düzgün istifadə edilmədikdə ciddi sağlamlıq riski yarada bilər. Bəs sirkə ilə işləyərkən hansı təhlükəsizlik qaydalarına əməl etmək lazımdır?
Qida eksperti Fərid Səfərov bildirib ki, sirkə ilə işləyərkən təhlükəsizlik tədbirləri məhsulun konsentrasiyasından asılıdır:
“Məişətdə istifadə olunan adi qida sirkəsi aşağı konsentrasiyalı olduğundan, normal istifadə zamanı xüsusi qoruyucu vasitələr adətən tələb olunmur. Lakin yüksək konsentrasiyalı sirkə turşusu artıq qida məhsulu deyil, təhlükəli kimyəvi maddə kimi qiymətləndirilməlidir. Belə məhsullarla işləyərkən kimyəvi maddələrə davamlı əlcək və qoruyucu eynəkdən istifadə etmək vacibdir. Konsentrat turşunun buxarlarının yarandığı və ya havalandırmanın zəif olduğu hallarda tənəffüs yollarının qorunması da nəzərə alınmalıdır. Sadə tibbi maska isə turşu buxarlarına qarşı etibarlı qoruyucu vasitə hesab edilmir. Ən vacib tədbirlərdən biri işi yaxşı havalandırılan yerdə aparmaqdır. Xüsusilə konsentrat sirkə turşusunu su ilə duruldarkən, maddəni başqa qaba köçürərkən və ya qızdırarkən ehtiyatlı olmaq lazımdır. Belə məhsullar uşaqların əli çatmayan yerdə, üzərində adı və konsentrasiyası aydın göstərilən, uyğun qablaşdırmada saxlanmalıdır. Heç vaxt içki və ya qida qablarına, xüsusilə su və ya şirə butulkalarına tökülməməlidir”.

F.Səfərovun sözlərinə görə, ən mühüm məqamlardan biri sirkə turşusunun digər məişət kimyəvi maddələri ilə qarışdırılmamasıdır:
“Məişətdə istifadə olunan hər bir kimyəvi məhsulun etiketindəki təlimatlara əməl etmək lazımdır. Yəni “sirkədir, zərərsizdir” yanaşması yalnız adi qida sirkəsinə aid edilə bilər; yüksək konsentrasiyalı sirkə turşusuna isə ciddi kimyəvi təhlükəsizlik qaydaları ilə yanaşılmalıdır”.
Zərnigar Hüseynli
16:30 11.08.2026
Oxunuş sayı: 43