Danimarkada azan - qadağan edilir
Dünyaya
demokratiya, insan hüquqları və tolerantlıq dəyərlərindən bəhs edən, özünü
sivilizasiyanın və demokratik idarəçiliyin əsas təmsilçisi kimi təqdim edən
Avropa uzun illərdir İslama qarşı qərəzli münasibətini aradan qaldıra bilmir.
Son illərdə baş verən çoxsaylı islamofobiya hadisələrinin ardınca, bir neçə gün
əvvəl Danimarkada ölkə üzrə azan səsinin qadağan edilməsi ilə bağlı müzakirələrə
başlanılması bu tendensiyanın yeni nümunəsi kimi qiymətləndirilir. Təşəbbüsün məqsədi
Danimarka şəhərlərində məscidlərdən səsləndirilən azanın məhdudlaşdırılmasıdır.
Maraqlıdır ki, Qərbdə tez-tez tənqid olunan Şərq ölkələrinin əksəriyyətində müsəlmanlar,
xristianlar və digər dini icmalar öz ibadətlərini sərbəst şəkildə yerinə yetirə
bildiyi halda, özünü demokratiya və insan hüquqlarının müdafiəçisi kimi təqdim
edən bəzi Avropa dövlətlərində müsəlmanlara münasibətdə ayrı-seçkilik xarakteri
daşıyan təşəbbüslərin gündəmə gəlməsi ciddi suallar doğurur.
Mövzu ilə bağlı ilahiyyatçı Ağa Hacıbəyli Crossmedia.az-a açıqlama verib:
“İstər Danimarka olsun, istərsə də digər
Avropa ölkələri, ümumiyyətlə, son illərdə dünyanın müxtəlif bölgələrində İslama
qarşı ciddi təzyiqlərin artdığını müşahidə edirik. Bu təzyiqlər həm müsəlmanlara,
həm də onların dini etiqad və inanclarına yönəlir. Bəzən bu inancların qarşısı
alınır, bəzən sərt şəkildə tənqid olunur, bəzən isə müxtəlif qadağalar vasitəsilə
İslamın yayılmasının qarşısını almağa cəhd edilir. Halbuki biz bilirik ki, beynəlxalq
hüquqa görə hər bir insanın vicdan və etiqad azadlığı var. Dünyaya insan
hüquqları və azadlıqları haqqında dərs keçən, bu dəyərləri ən yüksək səviyyədə
müdafiə etdiyini iddia edən bəzi Avropa ölkələri çox sadə bir dini çağırışa – azan
səsinə belə dözümlə yanaşa bilmirlər. Biz inanırıq ki, azan insan ruhunun
qidasıdır. O, insanları haqqa, sülhə, xeyirxahlığa və gözəlliyə çağırır. Azandan
qorxmaq, azan səsindən narahat olmaq, ondan çəkinmək Allahdan, axirətdən, haqq
və ədalətdən uzaq düşmüş insanların yanaşmasıdır”.

İlahiyyatçı qeyd edib ki, azanı eşidən zaman insanda fərqli, mənəvi duyğular formalaşır: “Xarici ölkələrdə dəfələrlə şahidi olmuşuq ki, azanı ilk dəfə dinləyən insanlar onun ahənginə, melodiyasına və mənəvi gözəlliyinə heyran qalırlar. Amma maraqlıdır ki, cəmiyyətlərində qəbul olunan bir din dövlət səviyyəsində müxtəlif maneələrlə üzləşir. Biz müsəlmanlar, xüsusilə Azərbaycanda yaşayan insanlar olaraq tolerantlığın ən gözəl nümunələrindən birini yaşayırıq. Bu ölkədə xristianlar öz ibadətlərini sərbəst şəkildə yerinə yetirirlər, yəhudilər öz dini ayinlərini icra edirlər, buddistlər və digər dini icmalar da öz inanclarını rahat şəkildə yaşayırlar. Yəni dini etiqad azadlığı baxımından heç bir problem yoxdur. Lakin özlərini dünya mədəniyyətinin və sivilizasiyasının öncülü hesab edən bəzi Avropa ölkələri, o cümlədən Danimarka, bu cür addımları ilə əslində haqqın və həqiqətin qarşısında nə qədər aciz olduqlarını göstərirlər.
İlahiyyatçı bildirib ki, azan Allaha çağırışdır: “Dünyanın hansı nöqtəsində olursa-olsun, ilahi həqiqətlər yaşayır: “Danimarka, Fransa və ya başqa ölkələrin azanı qadağan etməyə çalışması onun qarşısını ala bilməyəcək. Əksinə, bu cür qadağalar həmin cəmiyyətlərdə İslama marağın daha da artmasına səbəb ola bilər. Necə ki, suyun qarşısını tamamilə kəsmək mümkün deyil, o haradansa öz yolunu tapır. Eləcə də Allahın izni ilə azan, tövhid şüuru və İslamın həqiqətləri insanların qəlbinə, ruhuna və yaşadıqları coğrafiyalara mütləq çatacaq.
Hesab edirəm
ki, orada yaşayan insanların İslama ehtiyacı var. Dünyanın sülhə, ilahi ədalətə
və bu böyük mənəvi mədəniyyətə ehtiyacı var. Çünki İslam dini insan mərkəzli
bir dindir. Bu din insana dəyər verir, onun şəxsiyyətini ucaldır. İslam insanın
hansı millətdən olmasına görə fərq qoymur. İstər danimarkalı olsun, istər
fransız, istər alman. Qurani-Kərimdə Uca Allah buyurur ki, Allah qatında ən dəyərli
olanınız ən təqvalı olanınızdır. Burada ərəbin, almanın, ingilisin və ya başqa
millətin adı çəkilmir. Əsas meyar insanın təqvası, paklığı və gözəl əxlaqıdır.
Allahın ən çox dəyər verdiyi insanlar məhz təqvalı və saleh olanlardır”.
Ayhan
16:00 29.06.2026
Oxunuş sayı: 47