Türk Dünyası

Türkiyə regional gücdən qlobal gücə çevrilib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında qeyd edib ki: "Dünya iki liderin oyun meydançasına çevrilib. Bir sıra dövlətlər o cümlədən Çin bu meydançada rol olmağa çalışır. Lakin Türkiyə siyasi, iqtisadi islahatlar nəticəsində bu oyunda önəmli aktorlardan biridir". Türkiyə bu gün dünyanın önəmli problemlərinin həllində mühüm rol oynayan dövlətdir. İstər Ukrayna-Rusiya müharibəsindəki həllə yönəlik təklifləri, İstər İsrail-Fələstin müharibəsindəki səyləri və son olaraq Suriya məsələsi. 

Mövzu ilə bağlı politoloq Natiq Miri Crossmedia.az saytına açıqlamasında bildirib:

"Ərdoğanın dedikləri sadəcə həqiqətin növbəti elanıdır. Bəli, bu gün nüfuz dairəsi və dünyanın yenidən şəkillənməsi kontekstində qlobal qarşıdurma var. Bu qarşıdurmanın əsas tərəfləri ABŞ ilə Rusiyadır. Sadəcə, Tramp növbəti dəfə prezident seçildikdən sonra bu oyunun içinə girəcək və bu oyun hansı kontekstdə gedəcək, kim nə itirəcək, kim nə qazanacaq – bunu gələcək göstərəcək. Ancaq Türkiyə adına bu gün onu demək olar ki, Türkiyə bütün qarşıdurma hadisələrinin tam mərkəzində yer alır. İstər Rusiya-Ukrayna müharibəsi kontekstində Türkiyənin vasitəçilik missiyası və konkret problemin həlli yollarını ortaya qoyması, istərsə də yaxın şərqdə Həmas, Hizbullah və İsrail arasındakı müharibədə Türkiyənin çox fəal olması bunun sübutudur".

Cənub qonşumuzun ikibaşlı siyasəti: Tehran Azərbaycana qarşı səmimi deyil

Politoloq Türkiyənin İsrailə olan münasibətindən də danışıb:

"Bu gün İsrailin baş naziri və müdafiə nazirinə qarşı Beynəlxalq Cinayət Məhkəməsinin bu şəxslərin həbsi ilə bağlı orderi varsa, əmin olun ki, burada ən böyük rol Türkiyənindir və bu proses dayanmayıb, davam edir. Paralel olaraq, bu gün qlobal qarşıdurma kontekstində Afrika qitəsini də qarışdırmaq istəyən beynəlxalq güc olan ABŞ İsrail vasitəsilə böyük oyunlar oynayır. Bu oyunların qarşısında dayanan güc isə Türkiyədir".

Qarabağ muharibəsində də Türkiyənin səylərini qeyd edən politoloq bildirib:

"Somali ilə Efiopiya arasında müharibəni məhz Türkiyə Prezidenti Ərdoğan dayandırdı. Bir az keçmişə baxsaq, Liviyada baş verən proseslərdə də Türkiyə eyni rola malik idi. Türkiyə, məğlub olmaqda olan legitim Liviya hökumətini dəstəkləməklə bu faciənin qarşısını aldı. Eyni zamanda, Cənubi Qafqazda 30 illik Azərbaycan-Ermənistan münaqişəsində ədalətli tərəf olan Azərbaycanın yanında olmaqla, bu müharibənin də ədalətlə bitməsində böyük rol oynadı".

Natiq Miri Suriyada baş verən hadisələrdə Türkiyənin rolundan danışıb:

"Eyni şey son hadisələr fonunda Suriyada da baş verdi. Bu gün bütün qlobal güclər Suriyada mövcuddur: bir yandan ABŞ koalisiyası, Əsəd rejimini dəstəkləyənlər, Suriya əhalisinin qaçmasına şərait yaradan və Suriyanı bombardman edən İran və Rusiya. Bütün bunlar fonunda Türkiyə elə bir vəziyyət yaratdı ki, 13 ildir məğlub olmayan Əsəd rejimi 13 gündə məğlub oldu və Əsəd rejiminin hakimiyyəti qoyub qaçması da Türkiyə sayəsində baş verdi.

Bütün baş verən hadisələrin mərkəzində Türkiyə yer alır və bu yer almaq sadəcə prosesdə iştirak etmək deyil, eyni zamanda proseslərin ədalətlə həll olunmasına şərait yaratmaqdır. Bu da deməkdir ki, artıq Türkiyə regional güc olmaqdan çıxıb, qlobal güc olma yolundadır. Qardaş Türkiyənin bu cür güclənməsi həm Azərbaycanı, həm də bütün türk dünyasını sevindirir".

Ayhan Ağarzayev

14:48 14.12.2024

Oxunuş sayı: 7048

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR