Türkiyə-Azərbaycan birliyi Yaxın Şərqə sülh gətirə bilər
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Telefon danışığı zamanı Azərbaycan-Türkiyə strateji müttəfiqliyi, COP29 konfransının uğurları və Türkiyə nümayəndə heyətinin bu konfransa verdiyi töhfələr müzakirə olunub. Liderlər, həmçinin Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranan vəziyyət, sabitliyin bərqərar olması və humanitar dəstək məsələlərinə də toxunublar. Hər iki dövlət başçısı regional problemlərin həllində birgə fəaliyyətin vacibliyini vurğulayıb.
Milli Məclisin deputatı Arzuxan Əlizadə mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında bildirib:
“Bu bir reallıqdır ki, artıq Azərbaycanla yanaşı qardaş Türkiyə Cənubi Qafqazda və daha geniş regionda sülhün və rifahın təminatçısıdır. Azərbaycan və Türkiyə bu regionda söz və güc sahibidir. Bu reallıq Azərbaycan-Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsində də əks olunmuşdur. Orada, digər məsələlərlə yanaşı, regionda sülhün və sabitliyin təmin olunması üçün birgə fəaliyyət, təhlükəsizlik və müdafiə məsələlərində əməkdaşlıq nəzərdə tutulmuşdur".
Eyni zamanda, deputat Türkiyənin regiondakı proseslərdə fəal iştirakını da vurğulayaraq əlavə edib:
“Xüsusilə Suriyada baş verən proseslər, orada yaşayan soydaşlarımız – 5 milyondan artıq Azərbaycan kökənli Suriya vətəndaşlarının təhlükəsizliyinin təmin olunması və onların sabitlik içində yaşaması məsələləri diqqət mərkəzindədir. Bu prosesdə qardaş Türkiyə ilə yanaşı Azərbaycanın da iştirakı nəzərdə tutulur".
Deputat həmçinin qeyd edib ki, Azərbaycan və Türkiyə qlobal məsələlərdə və regionda sabitliyin təminatçısı kimi mühüm rol oynayır:
“Biz Cənubi Qafqazda birgə fəaliyyətimizlə sabitliyin və sülhün təminatçısı rolunu oynayırıq. Gələcəkdə, yaxın zamanda baş verəcək proseslərdə Azərbaycan və Türkiyənin iştirakı mühüm hesab edilir. Biz bu proseslərdə yaxından iştirak etməklə, orada yaşayan Azərbaycan kökənli insanlar üçün sabit və təhlükəsiz həyat şəraitinin yaradılmasına töhfə verəcəyik”.
Nihat Tahirov
11:35 11.12.2024
Oxunuş sayı: 6020