SSRİ-də general-polkovnik rütbəsi alan ilk azərbaycanlı
Tofiq Yaqub oğlu Ağahüseynov 1923-cü il fevralın 1-də Azərbaycanın qədim şəhərlərindən olan Şəkidə (keçmiş Nuxa) dünyaya göz açıb. Ailəsi ilə birlikdə Bakıya köçəndən sonra uşaqlıq illəri paytaxt mühitində davam edib.
Orta təhsilini Bakıda alan T.Ağahüseynov yeniyetmə yaşlarında ciddi səhhət problemləri ilə üzləşib, uzun müddət müalicə alıb. Həkimlərin nəzarəti altında keçən bu dövr onun iradəsini daha da möhkəmləndirib.
Məktəbi əla qiymətlərlə başa vurduqdan sonra ali təhsil almaq niyyəti ilə Azərbaycan Sənaye İnstitutuna sənədlərini təqdim edib. Lakin 1941-ci ildə Böyük Vətən müharibəsinin başlanması onun həyat istiqamətini tamamilə dəyişib. Elə həmin ilin sentyabrında Bakı Zenit Artilleriya Məktəbinə daxil olan Tofiq Ağahüseynov qısa müddətdə hərbi biliklərə yiyələnərək, leytenant rütbəsi alıb və cəbhəyə göndərilib.
Müharibə illərində Sovet ordusunun tərkibində Ukrayna, Polşa və Almaniya ərazilərində aparılan ağır döyüş əməliyyatlarında iştirak edib.
Xüsusilə, Visla–Oder və Berlin əməliyyatları onun hərbi yolunda mühüm mərhələ hesab olunur. Döyüşlər zamanı zenit artilleriya bölmələrində müxtəlif vəzifələrdə xidmət göstərən Ağahüseynov intizamı, dəqiqliyi və soyuqqanlılığı ilə fərqlənib.
Müharibə başa çatdıqdan sonra da o, hərbi xidməti davam etdirib. Almaniyada yerləşdirilmiş sovet qoşunlarının tərkibində bir neçə il xidmət göstərən T.Ağahüseynov daha sonra ali hərbi təhsil almaq üçün Moskva və Leninqraddakı nüfuzlu akademiyalarda oxuyub. Bu mərhələ onun peşəkar hərbçi kimi formalaşmasında həlledici rol oynayıb.
1960-cı illərdən etibarən Hava Hücumundan Müdafiə qoşunlarında məsul vəzifələrə təyin olunan Tofiq Ağahüseynov Bakıda, Volqoqradda və Rostovda müxtəlif hərbi hissələrə rəhbərlik edib. 1968-ci ildə general-mayor, 1972-ci ildə general-leytenant, 1980-ci ildə isə general-polkovnik rütbəsinə yüksəlib. Bununla da o, SSRİ Silahlı Qüvvələrində bu ali rütbəni alan ilk azərbaycanlı kimi tarixə düşüb.
1980-ci illərdə Zaqafqaziya hərbi dairəsinin HHM komandanı olan T.Ağahüseynov daha sonra Varşava Müqaviləsi ölkələrinin birləşmiş silahlı qüvvələrinin Çexoslovakiyadakı nümayəndəsi təyin edilib. Bu vəzifə ona beynəlxalq hərbi əməkdaşlıq sahəsində də mühüm təcrübə qazandırıb.
Müstəqillik dövründə də dövlətə xidmətini davam etdirən general 1997-ci ildə Prezident Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin hərbi məsələlər üzrə köməkçisi vəzifəsinə gətirilib. Eyni zamanda Azərbaycan Milli Ordusu sıralarına general-polkovnik rütbəsində bərpa olunub.
Sonrakı illərdə veteran hərəkatında fəal iştirak edən Tofiq Ağahüseynov Azərbaycan Veteranlar Təşkilatına rəhbərlik edib, müharibə iştirakçılarının sosial problemlərinin həlli istiqamətində təşəbbüslərlə çıxış edib.
2021-ci ilin may ayında, 98 yaşında Bakıda vəfat edən general II Fəxri Xiyabanda torpağa tapşırılıb. Onu tanıyanlar T.Ağahüseynovu təkcə yüksək rütbəli hərbçi kimi deyil, eyni zamanda təmkinli, ədalətli və insanlara hörmətlə yanaşan bir şəxsiyyət kimi xatırlayırlar.
Fatimə Məmmədova
07:25 20.02.2026
Oxunuş sayı: 686