Polşa Prezidenti Karol Navrocki "Polsat News" telekanalına müsahibəsində ölkəsinin təhlükəsizlik strategiyası ilə bağlı diqqətçəkən açıqlama verib. O bildirib ki, mövcud geosiyasi şəraitdə Polşa uzunmüddətli perspektivdə öz nüvə silahına sahib olma ehtimalını nəzərdən keçirməlidir.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Prezidentin sözlərinə görə, Polşa hazırda ciddi təhlükəsizlik riskləri ilə üz-üzədir. “Polşa Respublikası silahlı münaqişə həddindədir və bu risklərin əsas səbəblərindən biri Rusiyadan qaynaqlanır”, – deyə NaVrocki vurğulayıb.
O qeyd edib ki, regionda artan hərbi gərginlik, xüsusilə Ukrayna müharibəsinin davam etməsi fonunda Varşava öz müdafiə imkanlarını maksimum səviyyədə gücləndirməlidir. Prezidentin fikrincə, nüvə silahına sahib olmaq Polşanın strateji çəkisini artıra və potensial təhlükələrə qarşı çəkindirici amil rolunu oynaya bilər.
Açıqlama ölkə daxilində və beynəlxalq arenada müzakirələrə səbəb olub. Ekspertlər hesab edirlər ki, bu cür bəyanatlar Polşanın təhlükəsizlik siyasətində daha sərt və iddialı xəttə keçə biləcəyindən xəbər verir.