Azərbaycanla ABŞ arasında səhiyyə sahəsində əməkdaşlıq inkişaf edir- Perspektivlər açıqlandı
Qloballaşan dünyada səhiyyə sahəsində beynəlxalq əməkdaşlıq ölkələrin dayanıqlı inkişafında və əhalinin sağlamlığının qorunmasında mühüm rol oynayır. Müasir tibbi texnologiyaların tətbiqi, innovativ yanaşmaların paylaşılması və insan kapitalının gücləndirilməsi səhiyyə sistemlərinin əsas prioritetlərinə çevrilib.
Bu baxımdan Azərbaycanın səhiyyə sektorunda aparılan islahatlar və xarici tərəfdaşlarla qurulan əlaqələr ölkənin bu sahədə beynəlxalq inteqrasiyasını daha da sürətləndirir. Məhz bu kontekstdə səhiyyə naziri Teymur Musayevin ABŞ Ticarət Palatasının üzvləri ilə görüşü xüsusi əhəmiyyət kəsb edir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Müşfiq Məmmədli Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Azərbaycanla ABŞ arasında münasibətlər yeni mərhələyə qədəm qoyub. Bu, xüsusilə səhiyyə sahəsində də özünü göstərir. Cənab Prezidentin tapşırığı ilə Vaşinqtonda Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirilən görüşdən sonra regionda formalaşan yeni münasibətlər dinamikası və əməkdaşlıq mühiti, həmçinin Prezident İlham Əliyevin regionun sülh və əməkdaşlıq məkanına çevrilməsindəki mühüm rolu xüsusi vurğulanmalıdır.
ABŞ-nin vitse-prezidenti ilə keçirilən yüksək səviyyəli görüşlər və qarşılıqlı səfərlər siyasi sahədə əməkdaşlığın dərinləşməsinə, iki dövlət arasında strateji tərəfdaşlıq çərçivəsində yeni səhifələrin açılmasına şərait yaradıb. Bu proses artıq real və konkret addımlarla müşahidə olunur.
Son dövrlərdə Azərbaycanla ABŞ arasında səhiyyə sahəsində əməkdaşlıq strateji gündəm maddəsinə çevrilib. Bu əməkdaşlıq yalnız tibbi texnologiyalar və xidmətlərlə məhdudlaşmır, eyni zamanda ölkələrin daha geniş siyasi və iqtisadi maraqlarının kəsişdiyi sahədə mühüm rol oynayır.
Azərbaycanın səhiyyə naziri Teymur Musayev ABŞ Ticarət Palatasının üzvləri ilə görüşdə səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib. Görüşdə səhiyyə sisteminin modernləşdirilməsi, innovativ tibbi texnologiyaların tətbiqi, əczaçılıq sənayesində əməkdaşlıq və tibb təhsili sahəsində perspektivlər əsas mövzulardan olub. Azərbaycan tərəfi ölkədə aparılan islahatlar, tibbi xidmətlərin keyfiyyətinin artırılması, rəqəmsallaşdırma və insan kapitalının gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. ABŞ tərəfi isə bu sahələrdə texnologiya və təcrübə paylaşımına maraq göstərib.
Əvvəlki görüşlərdə imzalanmış Anlaşma Memorandumu (MoU) səhiyyə sahəsində əməkdaşlığın yeni strateji mərhələsinin başlanğıcını qoyub. Bu sənəd tibb təhsili, idarəetmə təcrübəsi və rəqəmsallaşma sahələrində sistemli əməkdaşlıq üçün imkanlar açır".
Deputat, həmçinin səhiyyə sahəsində əməkdaşlığın həm texniki, həm də diplomatik və siyasi etimad aləti kimi çıxış etdiyini bildirib:
"Texnologiya və təhsil mübadiləsi, doktorantların və mütəxəssislərin təcrübə paylaşımı iki ölkənin sivil sektorları arasında əlaqələrin dərinləşdirilməsinə və regionda qarşılıqlı anlaşma mühitinin möhkəmlənməsinə şərait yaradır.
Əməkdaşlığın effektivliyi qarşılıqlı maraq və səmimiyyətə əsaslanmalıdır. Keçmişdə ABŞ-ın inkişaf agentliyi USAID ilə əməkdaşlığın dayandırılması siyasi gərginliklər fonunda baş verib, bu isə göstərir ki, səhiyyə sahəsində əməkdaşlıq etimad məsələsi ilə birbaşa bağlıdır. Yeni təşəbbüslər strateji səviyyədə uzunmüddətli planlaşdırma və hər iki tərəfin maraqlarının tarazlaşdırılmasını tələb edir.
Nəticə olaraq, Azərbaycan-ABŞ münasibətləri səhiyyə sahəsində daha pragmatik və strateji müstəviyə keçməkdədir. Bu, təkcə tibbi texnologiyaların transferi deyil, həm də iki ölkənin uzunmüddətli siyasi və iqtisadi münasibətlərinin yeni komponentinə çevrilir. Uğurun əsas amilləri şəffaflıq, qarşılıqlı hörmət və davamlı dialoqdur ki, bu da regional stabilliyin gücləndirilməsinə xidmət edir".
Elmir Heydərli
18:01 13.02.2026
Oxunuş sayı: 441