ABŞ ilə tərəfdaşlıq həm strateji, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət kəsb edir - RƏY
Qlobal enerji təhlükəsizliyi, nəqliyyat dəhlizlərinin inkişafı və regional sabitliyin təmin olunması fonunda Azərbaycanın beynəlxalq mövqeyi sürətlə möhkəmlənir. Prezident İlham Əliyevin son açıqlamaları göstərir ki, ölkə artıq yalnız regional deyil, eyni zamanda Avropa və transatlantik məkan üçün strateji əhəmiyyət daşıyan mühüm tərəfdaşa çevrilib. Dövlət başçısının vurğuladığı kimi, bu gün Azərbaycan öz öhdəliklərinə sadiq qalaraq siyasi gündəliyi iqtisadi əməkdaşlıqdan ayıran, etibara əsaslanan tərəfdaş modelini uğurla tətbiq edir.
Ermənistanla münasibətlərin normallaşması istiqamətində atılan addımlar və regionda yeni nəqliyyat-logistika imkanlarının açılması Azərbaycanın bu strateji rolunu daha da gücləndirir. Tranzit məhdudiyyətlərinin aradan qaldırılması, qarşılıqlı iqtisadi əlaqələrin təşviqi və daşımalar üzrə yeni layihələr Cənubi Qafqazda əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir. Bu yanaşma Azərbaycanın sabitlik, inkişaf və qarşılıqlı fayda üzərində qurulan regional liderlik strategiyasının əsas sütunlarından biri kimi çıxış edir.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Aqil Abbas Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Azərbaycan sürətlə inkişaf edən, hərbi, iqtisadi və siyasi sahələrdə mövqelərini ardıcıl şəkildə möhkəmləndirən dövlətdir. Bu dinamik inkişaf nəticəsində ölkəmizlə tərəfdaşlıqda maraqlı olan dövlətlərin sayı sürətlə artır. Eyni zamanda Azərbaycan da öz milli maraqlarına uyğun tərəfdaşlar seçir. Bu baxımdan ABŞ ilə tərəfdaşlıq həm strateji, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət kəsb edir. Dünyanın ən güclü və aparıcı dövlətlərindən biri ilə əməkdaşlıq Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirən mühüm addımdır".
Elmir Heydərli
17:06 13.02.2026
Oxunuş sayı: 784