Vaşinqton Azərbaycana ilk dəfə birbaşa hərbi texnika verir
Azərbaycan və ABŞ arasında strateji əməkdaşlığın dərinləşməsi və qarşılıqlı etimadın möhkəmlənməsi yeni mərhələyə qədəm qoyur. Prezident İlham Əliyevin ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşündə vurğuladığı kimi, Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə sənəd imzalanıb və burada hər iki tərəf üçün prioritet sahələr – ticarət, investisiyalar, enerji, süni intellekt və müdafiə sənayesi kimi mühüm istiqamətlər əksini tapıb. Bu addım ölkələr arasında münasibətlərin sistemli və uzunmüddətli xarakter aldığını göstərir.
Dövlət başçısının qeyd etdiyi kimi, Vaşinqtona göndərilən hökumət nümayəndə heyəti və yüksək səviyyəli görüşlər iki ölkə arasındakı əməkdaşlığın hərtərəfli inkişafına xidmət edir. Prezidentlərin Davos və Vaşinqton görüşləri, həmçinin hökumət rəsmilərinin müntəzəm təmasları region üçün Azərbaycanın ABŞ-la strateji tərəfdaşlığının nə qədər əhəmiyyətli və vacib xarakter daşıdığını nümayiş etdirir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Arzu Nağıyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Vensin Bakıya rəsmi səfəri regional geosiyasət baxımından mühüm əhəmiyyət kəsb edir və Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu və balanslı xarici siyasətin növbəti təzahürü kimi qiymətləndirilə bilər.
Bu səfərin bir neçə əsas istiqamət üzrə strateji əhəmiyyəti vardır. İlk növbədə, siyasi baxımdan qeyd etmək lazımdır ki, bu, 2008-ci ildən sonra ABŞ vitse-prezidentinin Azərbaycana ilk rəsmi səfəridir və ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Qlobal miqyasda ABŞ-Rusiya-İran rəqabətinin dərinləşdiyi bir dövrdə Vaşinqtonla Bakının yaxınlaşması regionda geosiyasi balansın dəyişdiyini göstərir.
Strateji müstəvidə isə imzalanmış Xartiya tərəflər arasında münasibətləri
institusional səviyyəyə qaldıran real strateji tərəfdaşlıq sənədidir. Bu sənəd
siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişlənməsini nəzərdə
tutur. Xüsusilə enerji təhlükəsizliyi, terrorla mübarizə, süni intellekt və
texnoloji əməkdaşlıq kimi sahələr prioritet istiqamətlər kimi ön plana çıxır.
Təhlükəsizlik və hərbi əməkdaşlıq sahəsində ABŞ-ın Azərbaycanın ərazi sularının mühafizəsi üçün patrul gəmiləri təqdim etməyi planlaşdırması mühüm hadisədir. Bu, Vaşinqtonun Azərbaycana ilk dəfə birbaşa hərbi texnika verməsi kimi dəyərləndirilir. Xəzər dənizində təhlükəsizliyin güclənməsi həm regional sabitliyə töhfə verir, həm də proseslərin NATO standartlarına uyğunlaşdırılmasını sürətləndirə bilər.
Ceyms Vensin Ermənistana səfərindən sonra Bakıya gəlməsi də xüsusi diqqət çəkir. ABŞ-ın vasitəçiliyi ilə aparılan Ermənistan-Azərbaycan sülh prosesi, 8 avqust 2025-ci ildə imzalanmış memorandum, kommunikasiya dəhlizləri, “üçtərəfli təşəbbüs” və regional sabitlik məsələləri səfər çərçivəsində əsas müzakirə mövzularından olmuşdur. Bu da göstərir ki, ABŞ Cənubi Qafqaz siyasətinə aktiv şəkildə qayıdır.
Təbii ki, bu proses Vaşinqtonun regionda təsir imkanlarını genişləndirmək və Azərbaycanı əsas regional tərəfdaş kimi möhkəmləndirmək istəyindən qaynaqlanır. Bakı ilə birbaşa dialoqun güclənməsi, eyni zamanda Ermənistan-Azərbaycan sülh prosesində Azərbaycanın mövqeyini daha da möhkəmləndirir".
Deputat həmçinin Azərbaycanın regional nəqliyyat və kommunikasiya mərkəzi kimi tanınması da səfərin əsas strateji nəticələrindən biri olduğunu vurğulayıb:
"Şübhəsiz ki, bu proseslər bəzi regional güc mərkəzlərində –
xüsusilə Moskva və Tehranda müəyyən narahatlıqlar yarada bilər. Lakin Azərbaycanın
əsas strategiyası ABŞ-la tərəfdaşlığı Rusiya və İranla balanslı siyasət çərçivəsində
davam etdirməkdir.
Bu kontekstdə Azərbaycan milli maraqlarını qorumaqla yanaşı, regionda
vasitəçi və sabitləşdirici rol oynaya bilən dövlət kimi çıxış edir. Bütün
proseslər ölkəmizin suveren maraqları, ərazi bütövlüyü və vətəndaşların rifahı
prinsipləri əsasında həyata keçirilir.
Nəticə etibarilə, Ceyms Vensin Bakıya səfəri Azərbaycan üçün yeni
geosiyasi fürsət pəncərəsi açır və balanslı xarici siyasətin milli üstünlüyə
çevrilə biləcəyini bir daha nümayiş etdirir".
Elmir Heydərli
15:15 13.02.2026
Oxunuş sayı: 822