Kənar güclər ofsaytda: Azərbaycan və Ermənistan "oyun meydanında" təkdir
Qərbi Azərbaycan İcması son günlər beynəlxalq siyasi dairələrdə Azərbaycan–Ermənistan arasında aparılan normallaşma prosesinə qarşı yönəlmiş addımların artmasını ciddi narahatlıq doğuran tendensiya kimi qiymətləndirib. Xüsusilə, Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidə müsbət və konstruktiv ruhda keçirilmiş görüşü fonunda Fransa Senatının müharibə cinayətlərində ittiham olunan şəxslərin azad olunmasına çağıran qətnamə qəbul etməsi, habelə bəzi Avropa parlamentarilərinin Ermənistanda qondarma qurum nümayəndələri ilə görüşərək təxribat xarakterli açıqlamalar verməsi regionda sülhün bərqərar olmasına qarşı yönəlmiş məqsədli siyasi müdaxilə kimi dəyərləndirilir.
İcmanın bəyanatında isə qeyd olunur ki, bu cür davranışlar yalnız gərginliyi dərinləşdirir, tərəflər arasında etimadı sarsıdır və uzunmüddətli sabitliyə ciddi zərbə vurur.

Bu barədə Crossmedia.az-a danışan Milli Məclisin Elşad Musayevin fikrincə, verilmiş bəyanat bir daha göstərir ki, Fransada anti-Azərbaycan mövqeyi açıq şəkildə nümayiş etdirilir: "Təəssüf ki, Fransa da daxil olmaqla bir sıra ölkələr Ermənistan–Azərbaycan münaqişəsi dövründə heç vaxt ədalətli mövqe tutmamış, daim Ermənistanın yanında yer almış və onun işğalçı siyasətini dəstəkləmişlər. Bu ölkələr müxtəlif vasitələrlə Azərbaycana mane olmağa, ölkəmizə təzyiq göstərməyə çalışıblar. Fransa, Avropa İttifaqının aparıcı dövlətlərindən biri kimi, beynəlxalq hüquqa hörmət prinsiplərini rəhbər tutmalı olduğu halda, bu gün də anti-Azərbaycan mövqeyini davam etdirir. Bu yanaşma nə yeni, nə də təsadüfidir. Biz Fransa tərəfinin bu qeyri-obyektiv münasibətindən imtina edərək, daha balanslı və ədalətli mövqe sərgiləməsini gözləyirik. Xatırlatmaq lazımdır ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmiş və regionda yeni reallıq formalaşdırmışdır. Bu gün ölkəmiz sülh şəraitində yaşamaqda və Ermənistanla münasibətlərin normallaşdırılmasında maraqlıdır. Eyni zamanda, Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında əlaqənin bərpası da regional əməkdaşlıq üçün mühüm addım kimi qiymətləndirilir. Azərbaycan Ermənistanla münasibətlərin yaxşılaşmasında səmimidir. Lakin bu prosesin irəliləməsi Ermənistan tərəfinin də konstruktiv mövqe nümayiş etdirməsindən asılıdır. Zəngəzur dəhlizinin açılması regional kommunikasiyaların bərpası baxımından xüsusi əhəmiyyət daşıyır".
Parlamentarinin fikrincə, Ermənistanda qarşıdan gələn seçkilər bu proseslərə birbaşa təsir göstərə bilər: "Mövcud hakimiyyətin dəyişməsi halında da, Ermənistan dövləti öz məsuliyyətini dərk etməli və regionda sülhə xidmət edən qərarlar verməlidir. Çünki bu məsələdə nə Fransa, nə də digər xarici qüvvələr Ermənistanın yerinə qərar verə bilməz. Nəticə etibarilə, Azərbaycanla Ermənistan regional reallıqlar fonunda təkbətək məsuliyyət daşıyırlar. Xarici dövlətlərin müdaxiləsi bu prosesə nə töhfə verir, nə də davamlı sülhü təmin edir".
Elmir Heydərli
13:30 11.02.2026
Oxunuş sayı: 551