ABŞ ilə imzalanan xartiya Azərbaycan üçün nə vəd edir? - Açıqlandı
Son illərdə qlobal güc balansında baş verən dəyişikliklər Cənubi Qafqazın beynəlxalq münasibətlər sistemində rolunu daha da artırıb. Region artıq yalnız geosiyasi rəqabət meydanı deyil, eyni zamanda Avrasiya məkanında enerji, nəqliyyat və təhlükəsizlik arxitekturasının formalaşdığı əsas platformalardan birinə çevrilib.
Bu kontekstdə ABŞ–Azərbaycan münasibətlərində müşahidə olunan yeni dinamika sıradan diplomatik hadisə deyil, daha geniş strateji transformasiyanın göstəricisidir. Məhz bu baxımdan son siyasi təşəbbüslər və imzalanan sənədlər təkcə iki ölkə arasındakı əlaqələrə deyil, bütövlükdə regionun gələcək geoiqtisadi xəritəsinə təsir göstərə biləcək əhəmiyyət daşıyır.

Bu səfər barədə Milli Məclisin deputatı Nigar Arpadarai Crossmedia.az-la öz fikirlərini bölüşüb: "ABŞ-nin Vitse Prezidenti Cey Di Vensin səfəri tarixi bir səfərdir. ABŞ və Azərbaycan arasında imzalanmış Xartiya ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcını qoyur. Əgər Vensin Ermənistana səfəri Ermənistanı Rusiyanın iqtisadi dominantlığından çıxarmaq səylərinin davamı kimi görünürdüsə, Azərbaycanla bağlı gündəlik regionumuzun nəqliyyat, enerji və informasiya dəhlizləri ilə bağlı gələcək baxışını əks etdirir".
Deputat, həmçinin xartiyada diqqət çəkən bir neçə məqamın olduğunu qeyd edib: "Xartiya müdafiə sahəsində ikitərəfli əməkdaşlıq üçün yol açır. Bu, 907-ci düzəlişin texniki olaraq hələ də ləğv edilmədiyi şəraitdə maraqlıdır. Görünür ki, ABŞ administrasiyası hesab edir ki, həmin düzəliş artıq öz aktuallığını itirib. ABŞ Orta Dəhlizin əhəmiyyətini təsdiqləyir. Üstəlik, onu interkonnektorlar da daxil olmaqla bütün kommunikasiya növləri kimi anlayır. Xartiyanın Mətnində konkret olaraq hansı interkonnektorların nəzərdə tutulduğu açıqlanmasa da, çox güman ki, burada Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın boru kəməri infrastrukturunun birləşdirilməsi də nəzərdə tutulur. Bu, təəccüblü deyil. Çünki TRİPP dəhlizi yalnız regional dəhlizlər məntiqi çərçivəsində iqtisadi məna kəsb edir və həmin dəhlizlərdə mərkəzi mövqeni isə Azərbaycan tutur".
Elmir Heydərli
13:42 11.02.2026
Oxunuş sayı: 934