Prezident İlham Əliyevin liderliyi regionda sülh və əməkdaşlığı gücləndirir
Dünyada sülh və əməkdaşlıq hər zaman liderlərin strateji baxışından asılıdır. Son dövrlərdə Cənubi Qafqazda müşahidə olunan irəliləyişlər göstərir ki, regionda stabilliyin təmin olunmasında siyasi iradə və məsuliyyətli qərarlar həlledici rol oynayır. Azərbaycan və Ermənistan liderlərinin təşəbbüsləri, beynəlxalq aləmin diqqətini cəlb etməklə, sülh gündəliyinə verdikləri töhfənin əyani nümunəsini təqdim edir.
Crossmedia.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin "Zayed İnsan Qardaşlığı" mükafatının təqdim olunma mərasimində regionda əməkdaşlığın genişləndirilməsi, xüsusilə iqtisadi və ticarət əlaqələrinin inkişafı ilə bağlı mühüm mesajlar səsləndirilib: "Azərbaycan İlham Əliyevin liderliyi ilə regionda sülhə töhfə verən və sülh gündəliyinə sadiqliyini qoruyan dövlət kimi çıxış edir. Ölkəmizin dayanıqlı sülhün formalaşmasında xüsusi rolu qeyd olunmalıdır. Burada siyasi iradənin əhəmiyyəti böyükdür. Azərbaycan Prezidentinin liderlik qabiliyyəti və strateji qərarları regionda sabitliyin möhkəmlənməsinə, təhlükəsizliyin gücləndirilməsinə xidmət edir".

V. Bayramov əlavə edib ki, Azərbaycanın bu istiqamətdə fəaliyyəti ölkəmizi aparıcı aktor kimi ön plana çıxarır və bu mövqe beynəlxalq səviyyədə, o cümlədən ABŞ rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilir: "Belə bir qiymətləndirmə təbii olaraq alqışlanmalıdır. Bu, Azərbaycan rəhbərliyinin regionda sülhün möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və qlobal əməkdaşlığa verdiyi töhfələrin beynəlxalq aləmdə tanındığını göstərir. Cənab Prezidentin "Zayed İnsan Qardaşlığı" mükafatına layiq görülməsi isə bir daha təsdiq edir ki, Azərbaycanın strateji yanaşmaları, çevik qərarları və əldə etdiyi nəticələr qlobal miqyasda dəyərləndirilir. Bu isə öz növbəsində ölkəmizin geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir".
10:00 09.02.2026
Oxunuş sayı: 559