Zəngəzur dəhlizi Azərbaycan–Ermənistan münasibətlərində etimadın formalaşması baxımından xüsusi əhəmiyyətlidir -RƏY
Cənubi Qafqaz və Mərkəzi Asiya arasında yeni nəqliyyat və iqtisadi əlaqələrin qurulması regionda həm iqtisadi inteqrasiyanı, həm də davamlı sülhün möhkəmlənməsini təmin edə biləcək strateji təşəbbüslərin önəmini artırır. Bu baxımdan TRIPP layihəsi region üçün tarixi əhəmiyyət kəsb edir. ABŞ Prezidenti Donald Trampın Mərkəzi Asiya üzrə xüsusi elçisi Sercio Qorun Bişkekdə keçirilən "B5+1" biznes forumunda bəyan etdiyi kimi, TRIPP marşrutu Mərkəzi Asiyadan Cənubi Qafqaz vasitəsilə Qərbə birbaşa nəqliyyat əlaqəsi yaradaraq, Azərbaycan və Ermənistan arasında sülh sammitindən sonra güclü qarşılıqlı əlaqəli iqtisadiyyatların inkişafına və regional sabitliyin təmin edilməsinə töhfə verir. Bu təşəbbüs həm də Mərkəzi Asiyanın strateji əhəmiyyətini beynəlxalq səviyyədə vurğulayır.
Bu barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, ötən il avqustun 8-də Vaşinqton şəhərində imzalanmış sənədlərə əsasən Ermənistan ərazisində xüsusi bağlantı layihəsi – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRİPP), yəni Zəngəzur dəhlizinin reallaşdırlması nəzərdə tutulub: "Bu dəhlizin reallaşması həm region dövlətləri, həm də daha geniş geoiqtisadi məkan üçün yeni tranzit imkanları və uzunmüddətli sabitlik perspektivləri yaradır. ABŞ bu layihəni diqqət mərkəzində saxlayır. ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin bu ay bölgəyə gözlənilən səfəri də bunu bir daha təsdiq edir. Vensin bölgəyə səfəri Azərbaycan və Ermənistan arasında sülh prosesinin daha da irəli aparılmasına, eləcə də “Tramp Marşrutu” layihəsinin sürətlənməsinə yönəlib. Şübhəsiz, ABŞ-ın yüksək ranqlı rəsmisinin bölgəyə gözlənilən səfəri kifayət qədər önəmli hadisə kimi qəbul olunmalıdır. ABŞ Prezidenti Donald Trampın Mərkəzi Asiya üzrə xüsusi elçisi Sercio Qor isə Bişkekdə keçirilən forumda bəyan edib ki, TRIPP layihəsi Cənubi Qafqazda güclü qarşılıqlı əlaqəli iqtisadiyyatların yaradılması və davamlı sülhün dəstəklənməsi yolunda tarixi addımdır. Yeri gəlmişkən, yanvarın 22-də Davosda Prezident İlham Əliyev ilə amerikalı həmkarı Donald Tramp arasında keçirilən görüşdə ikitərəfli əlaqələrin mövcud vəziyyəti müsbət qiymətləndirildi. Bu görüş, eyni zamanda, Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu və strateji əməkdaşlığın daha geniş müstəvidə inkişaf etməkdə olduğunu bir daha təsdiq edib. Dövlətimizin başçısı həmin görüşdə Zəngəzur dəhlizinin, o cümlədən TRIPP layihəsinin regional bağlantılar baxımından mühüm rol oynadığını qeyd edib".
Deputat, həmçinin Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsini nəzərdə tutan Zəngəzur dəhlizi Azərbaycan–Ermənistan münasibətlərində etimadın formalaşması və sülh gündəliyinə öz töhfəsini verən strateji layihə olduğunu qeyd edib: "Cənubi Qafqazda əsas strateji xətt sabitlik, tranzit və iqtisadi əməkdaşlıq üzərində qurulur. Bu xəttin mərkəzində isə Azərbaycan dayanır. Zəngəzur dəhlizi Cənubi Qafqazda Azərbaycanın irəli sürdüyü sülh konsepsiyasına uyğun olaraq, reallıqlara əsaslanan, beynəlxalq hüquqa söykənən və regional əməkdaşlığı təşviq edən layihədir. Şübhəsiz, bu dəhlizin açılması regionda sülh və əməkdaşlıq mühitinin formalaşmasına əhəmiyyətli təsir göstərəcək".
Elmir Heydərli
11:54 06.02.2026
Oxunuş sayı: 596