Doğrudanmı, 400 manat əməkhaqqı ilə işləməyə hazır olan geniş kütlə mövcuddur? - Natiq Cəfərli
Azərbaycanda sosial siyasətin əsas alətlərindən biri olan minimum əməkhaqqının müəyyənləşdirilməsi mexanizminin təkmilləşdirilməsi istiqamətində yeni mərhələ başlanır. Əhalinin minimum yaşayış səviyyəsinin təmin olunması, əmək münasibətlərində ədalət prinsiplərinin gücləndirilməsi və beynəlxalq standartlara uyğunluğun artırılması məqsədilə bu sahədə institusional yanaşmanın yenilənməsi zərurətə çevrilib.
Bu kontekstdə Milli Məclisdə müzakirəyə çıxarılan qanunvericilik təşəbbüsü minimum əməkhaqqının məbləğinə mütəmadi şəkildə yenidən baxılmasını hüquqi öhdəlik kimi təsbit etməklə, sosial müdafiə mexanizmlərinin daha çevik və şəffaf işləməsinə şərait yaratmağı hədəfləyir. Dəyişikliklər eyni zamanda Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılmasına yönələn islahat paketinin tərkib hissəsi kimi dəyərləndirilir.

Bu barədə Crossmedia.az-a danışan ReAL Partiyasının sədri, iqtisadçı - ekspert Natiq Cəfərli deyib ki, minimum əmək haqqının ümumilikdə əmək bazarına təsiri olduqca məhduddur: "Bu, ilk baxışdan paradoksal səslənsə də, reallıq bundan ibarətdir. Məsələn, hazırda minimum əmək haqqı 400 manatdır və qanunvericiliyə əsasən bu məbləğdən aşağı maaş təyin etmək qadağandır. Lakin sual yaranır: doğrudanmı, 400 manat əməkhaqqı ilə işləməyə hazır olan geniş kütlə mövcuddur? Məsələyə məhz bu prizmadan yanaşmaq lazımdır".
Müsahibimiz söyləyib ki, minimum əməkhaqqının hər il artırılması və ya ona yenidən baxılması ilə bağlı daha bir ciddi problem mövcuddur: "Bu artımlar təxminən 70 min nəfərə mənfi təsir göstərir. Söhbət VÖEN ilə fəaliyyət göstərən və Sosial Müdafiə Fonduna ödəniş edən şəxslərdən gedir. Mövcud qanunvericiliyə əsasən, minimum əmək haqqının artması avtomatik olaraq həmin şəxslərin sosial sığorta ödənişlərinin də yüksəlməsinə səbəb olur. Nəticədə, minimum əmək haqqı artdıqca onların maliyyə yükü də paralel şəkildə artır və bu da narazılıq yaradır. Hazırda minimum əmək haqqı 400 manat olduğu üçün VÖEN ilə çalışan şəxslər hər ay Sosial Müdafiə Fonduna təxminən 125 manat ödəniş edirlər. Bu isə ciddi maliyyə yükü deməkdir. Qeyd etmək lazımdır ki, bu mexanizm qanunvericiliyə daxil edilərkən minimum əmək haqqı cəmi 136 manat idi və onun 25 faizi böyük məbləğ sayılmırdı. Lakin bu gün məbləğ üç dəfədən çox artıb. Sabah minimum əmək haqqı 500 və ya 600 manata yüksəldikdə, sosial sığorta ödənişləri də avtomatik artacaq. Bu isə artıq minlərlə insan üçün real sosial-iqtisadi problemə çevrilir. Bu səbəbdən minimum əməkhaqqı ilə sosial sığorta ödənişləri arasındakı bu avtomatik əlaqəyə yenidən baxılması və onların bir-birindən ayrılması zəruridir".
Elmir Heydərli
12:12 04.02.2026
Oxunuş sayı: 750