Azərbaycanlı diplomat BMT-də: Beynəlxalq hüquq prinsipləri hamıya bərabər şəkildə tətbiq olunmalıdır
Azərbaycan BMT Təhlükəsizlik Şurasında keçirilən Arria-formula (qeyri-rəsmi) iclasında beynəlxalq sülh və təhlükəsizliyin qorunması üçün müqavilələrin toxunulmazlığının vacibliyini vurğulayıb.
Crossmedia.az xəbər verir ki, "Beynəlxalq sülh və təhlükəsizliyin qorunması üçün müqavilələrin toxunulmazlığının təmin edilməsi" mövzusunda keçirilən iclas Pakistanın BMT yanında daimi nümayəndəliyi tərəfindən təşkil olunub.
İclasda çıxış edən Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin birinci katibi Məqsəd Hüseynov bildirib ki, vicdanla götürülən öhdəliklər vicdanla yerinə yetirilməli, BMT Nizamnaməsi və beynəlxalq hüquq prinsipləri hamıya ardıcıl və bərabər şəkildə tətbiq olunmalıdır.
Diplomat həmçinin sülhün təşviqi üçün dağıdılmış şəhərlərin bərpası, mina və partlamamış sursatların aradan qaldırılması, məcburi köçkünlərin təhlükəsiz qayıdışı və biomüxtəlifliyin bərpasının vacib olduğunu vurğulayıb.
Sonda diplomat Azərbaycanın regionda və onun hüdudlarından kənarda sülhün, təhlükəsizliyin və sabitliyin daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl səylərini davam etdirmək, eləcə də beynəlxalq və regional tərəfdaşlıq ilə əməkdaşlığı təşviq etmək əzmində olduğunu bir daha bəyan edib.(Report)
22:27 30.01.2026
Oxunuş sayı: 326