Proqnoz: Azərbaycanla Çin arasında hərbi əməkdaşlıq istiqamətlərində yeni imkanlar yarana bilər
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çində həmkarı Van Yi ilə görüşüb. Görüş zamanı bir sıra ikitərəfli və regional məsələlər barədə danışılıb. Azərbaycanlı diplomat bu barədə özünün "X" hesabında yazıb: "Azərbaycan və Çin hərtərəfli strateji tərəfdaşlığının daha da dərinləşdirilməsinə və əməkdaşlığın genişləndirilməsinə sadiqliyini qətiyyətlə davam etdirir".
Nazir qeyd edib ki, Çinə səfəri çərçivəsində Pekində Çin Xalq Respublikasının xarici işlər naziri Van Yi ilə səmərəli ikitərəfli görüş keçirib.
"Görüş zamanı hərtərəfli strateji tərəfdaşlığımızın irəlilədilməsi, siyasi dialoqun dərinləşdirilməsi, praktiki əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etdik, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal proseslər ətrafında fikir mübadiləsi apardıq.
Azərbaycan qarşılıqlı hörmət, etimad və ortaq maraqlara əsaslanan Azərbaycan–Çin hərtərəfli strateji tərəfdaşlığının daha da dərinləşdirilməsinə və əməkdaşlığın genişləndirilməsinə sadiqliyini qətiyyətlə davam etdirir", - paylaşımda qeyd olunub.
Qlobal siyasi proseslərin kəskinləşdiyi, güc mərkəzləri arasında rəqabətin dərinləşdiyi bir dövrdə Azərbaycanın xarici siyasəti praqmatik, balanslı və qarşılıqlı faydaya əsaslanan modeli ilə seçilir. Bakı beynəlxalq münasibətlərdə nə iddialı hegemonluq ambisiyaları nümayiş etdirir, nə də tərəfdaşlarına təzyiq mexanizmləri tətbiq edir. Əksinə, Azərbaycan əməkdaşlığı inkişafın əsas şərti kimi qəbul edən, öz imkanlarını bölüşməklə regional və qlobal sabitliyə töhfə verməyə çalışan dövlət kimi çıxış edir.
Məhz bu yanaşma Azərbaycanın Çin kimi qlobal güc mərkəzi ilə strateji tərəfdaşlıq qurmasını təsadüfi deyil, zamanın və geosiyasi reallıqların məntiqi nəticəsi kimi dəyərləndirməyə əsas verir. Bu tərəfdaşlıq təkcə ikitərəfli münasibətlərin genişlənməsi deyil, eyni zamanda Avrasiya məkanında yeni iqtisadi və siyasi balansın formalaşmasında Azərbaycanın rolunun artdığını göstərən mühüm göstəricidir.
Bakı- Pekin əlaqələrinin hazırkı durumu və perspektivi barədə politoloq Aydın Quliyev Crossmedia.az-a açıqlama verib:

"Bu gün dünyada hamıya bəllidir ki, Azərbaycan qlobal hegemonluq və ya təkəbbürlü üstünlük iddiası ilə çıxış edən ölkə deyil. Azərbaycan beynəlxalq münasibətlər sistemində heç bir dövlət qarşısında həddindən artıq tələblər irəli sürmür, öz maraqlarının zorakı və ya ekstremal formada qəbul etdirilməsinə cəhd göstərmir. Əksinə, ölkəmiz milli dövlətçilik inkişafı baxımından həm öz imkanlarından səmərəli istifadə edən, həm də tərəfdaş ölkələrə bu imkanlar çərçivəsində inkişaf perspektivləri təqdim etməyə çalışan bir dövlət modelini təklif edir.
Məhz bu yanaşma Azərbaycanı beynəlxalq müstəvidə etibarlı və cəlbedici tərəfdaşa çevirir. Təəssüf ki, bəzi dairələr bu siyasətin mahiyyətini düzgün qiymətləndirmir və qərəzli mövqe sərgiləyirlər. Halbuki Azərbaycanın xarici siyasətinin əsas fəlsəfəsi qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və ortaq fayda prinsiplərinə söykənir. Azərbaycanla Çin arasında formalaşan strateji tərəfdaşlıq münasibətləri də məhz bu prinsiplərin məntiqi davamıdır".
Politoloq bildirib ki, Azərbaycan qlobal liderlik iddiası ilə çıxış etməkdən daha çox, öz inkişaf imkanlarını tərəfdaş ölkələrlə bölüşən və eyni zamanda digər dövlətlərin potensialından milli maraqlar çərçivəsində faydalanmağa çalışan ölkədir: "Bu yanaşma beynəlxalq münasibətlərdə tamamilə rasional və sağlam məntiqə əsaslanır. Hətta demək olar ki, bu prinsiplərə səmimi şəkildə sadiq qalan dövlətlər arasında Azərbaycan ön sırada yer alır.
Azərbaycanla Çin arasında bir il əvvəl imzalanmış strateji tərəfdaşlıq bəyannaməsi də zamanın və qlobal siyasi reallıqların diktə etdiyi zəruri addım idi. Hər iki ölkənin bloklara qoşulmamaq siyasəti aparması bu tərəfdaşlığı daha da məntiqli və davamlı edir. Xüsusilə nəzərə alsaq ki, Çin dünya miqyasında güclü siyasi, iqtisadi, hərbi və diplomatik mərkəzlərdən biri kimi çıxış edir.
Azərbaycan ölçü baxımından Çinlə müqayisə oluna bilməsə də, apardığı xarici siyasətin prinsipləri və müstəqil qərarvermə modeli baxımından geri qalmır. Məhz buna görə də tərəflər arasında imzalanmış bəyannamə böyük dövlətin kiçik dövlətə münasibəti kontekstində deyil, bərabər prinsiplərə malik iki suveren tərəfin strateji razılaşması kimi dəyərləndirilməlidir.
Mövcud geosiyasi şəraitdə Çinin Azərbaycana ehtiyacı heç də az deyil. ABŞ ilə artan strateji rəqabət, Rusiya ilə ticarət əlaqələrinin məhdud çərçivəyə salınması fonunda Avropa və Avroatlantik məkan Çin üçün əsas iqtisadi və ticarət bazarlarından biri olaraq qalır. Bu kontekstdə Çinin Avropa bazarlarına çıxışında Azərbaycanın rolu xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan üzərindən Avropaya uzanan nəqliyyat və logistika marşrutları Çin üçün həm ən qısa, həm də ən səmərəli çıxış yollarından biridir. Bu reallıq ilk baxışdan bəzilərinə təəccüblü görünə bilər. Lakin Çin kimi qlobal güc mərkəzinin öz iqtisadi və strateji maraqları naminə Azərbaycanla münasibətlərə bu dərəcədə önəm verməsi tamamilə real və məntiqli prosesdir.
Bu səbəbdən Azərbaycan–Çin münasibətlərinə yalnız cari əməkdaşlıq kimi deyil, hər iki tərəf üçün uzunmüddətli və strateji seçim kimi yanaşmaq lazımdır. Bu potensialın reallaşdırılması hər iki ölkə rəhbərliyindən uzaqgörən və məsuliyyətli yanaşma tələb edir. Artıq bu əməkdaşlıq iqtisadi, siyasi və diplomatik müstəvilərdə öz nəticələrini göstərməkdədir. İstisna deyil ki, gələcəkdə daha geniş, o cümlədən təhlükəsizlik və hərbi əməkdaşlıq istiqamətlərində də yeni imkanlar yaransın".
Ayhan
09:39 30.01.2026
Oxunuş sayı: 414