Türkiyədə xüsusi hazırlıq: hərbi qulluqçularımız kursu uğurla bitirdi
Azərbaycanın Hərbi Hava Qüvvələrinin 3 nəfər hərbi qulluqçusu Türkiyənin Ərzurum şəhərində təşkil olunan xilasetmə təlimlərində iştirak edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, keçirilən bu təlimlər çərçivəsində şəxsi heyət çətin təbii şəraitdə fəaliyyət bacarıqlarını artırıb.
Azərbaycanın hərbi qulluqçuları "Qış dağçılığı və qış şərtlərində həyatda qalma, yaralının xilas edilməsi" mövzusunda təşkil olunan kursu uğurla tamamlayaraq müvafiq bilik və praktiki vərdişlərə yiyələniblər.
Təlimlər zamanı qarlı və dağlıq ərazilərdə hərəkət, ekstremal hava şəraitində sağ qalma, yaralılara ilkin tibbi yardımın göstərilməsi, eləcə də onların təhlükəsiz şəkildə təxliyəsi üzrə praktiki məşğələlər icra olunub.
Bu kimi ixtisasartırma kursları şəxsi heyətin sərt iqlim və mürəkkəb relyef şəraitində peşə hazırlığının gücləndirilməsinə, axtarış-xilasetmə əməliyyatları zamanı operativliyin və effektivliyin artırılmasına, eyni zamanda hərbi qulluqçuların bilik və bacarıqlarının beynəlxalq təcrübə əsasında daha da inkişaf etdirilməsinə xidmət edir.
16:52 29.01.2026
Oxunuş sayı: 458