İrandakı səfirliyimizə hücumdan üç il ötür: Cavabsız suallar, qaranlıq məqamlar...
2023-cü ilin yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş silahlı hücum diplomatik tariximizdə ən faciəli və ciddi hadisələrdən biri kimi yadda qaldı. Həmin gün səfirliyin mühafizə postuna hücum nəticəsində Orxan Əsgərov şəhid oldu, iki əməkdaş yaralandı. Bu hücum yalnız bir diplomatik nümayəndəliyə deyil, eyni zamanda beynəlxalq hüquqa, diplomatik toxunulmazlıq prinsiplərinə və dövlətlərarası münasibətlərin əsaslarına açıq təcavüz idi.
Hadisə Azərbaycan-İran münasibətlərində ciddi böhrana səbəb olmuş, diplomatik əlaqələrdə uzunmüddətli gərginlik yaratmışdır. İran tərəfi hücumu şəxsi motivlərlə izah etməyə çalışsa da, rəsmi Bakı bu arqumenti qəbul etmədi və hadisəni terror aktı kimi qiymətləndirdi. 3 il keçməsinə baxmayaraq, Azərbaycan cəmiyyəti və hüquq mühitində əsas suallar hələ də cavabsız qalır: cinayətin bütün məsul şəxsləri ifşa olunubmu və layiqincə cəzalandırılıbmı? Bu faciə təkcə bir terror aktı deyil, həm də dövlətlərarası münasibətlərdə məsuliyyət, etimad və beynəlxalq hüququn sınağı olaraq qalır.

Mövzu barədə Crossmedia.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, Tehran hakimiyyəti Azərbaycan səfirliyinə qarşı, Azərbaycan dövlətinə qarşı 3 il öncə törədilmiş cinayətlə bağlı başqa addımlar atmayıb: "O, bəlli hadisənin törədiləni cəzalandırmaqla məsələni bitmiş sayır, ancaq başqa səfirliklərə qarşı atılmış addımlara görə də Tehran hakimiyyəti həmin ölkələrdə üzr istəməyib. Məsələ Səudiyyə Ərəbistanı, Böyük Britaniya, ABŞ və s. bu kimi hallarda da eynidir. Tehran hakimiyyətinin ərazisində, İrandakı səfirliklərin və səfirlik əməkdaşlarının təhlükəsizliyini təmin etməkdə aciz olduğu göstərilir və yaxud bu məsələdə şübhəli məqamların olduğu istisna edilmir. Belə şübhələr var ki, Azərbaycan səfirliyinə hücumu bir nəfər həyata keçirməyib, bunu təşkilatçılar var, bu hadisənin arxasında duran qüvvələr mövcuddur. Bu məsələ hələ də açılmayıb və bununla bağlı Tehran hakimiyyəti məlumat verməyib. Bütün bunlar deməyə əsas verir ki, Tehran beynəlxalq münasibətlərin normalarını pozub və bu normalar pozulduğuna görə məsuliyyət daşıyır. Sadəcə olaraq, bununla bağlı sanksiyalar və ya cinayət törədilməsi ilə bağlı konkret cəza növləri müəyyənləşdirilməyib. Ona görə də İran hakimiyyəti bu məsələdə törədiləni cəzalandırmaqla məsuliyyətindən qurtulduğunu zənn edir.
Mehriban Yariyeva
17:54 28.01.2026
Oxunuş sayı: 591