Azərbaycan və BƏƏ hərbçiləri bir arada: - Detallar açıqlandı
Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək “Sülh Qalxanı – 2026” adlı birgə əməliyyat-taktiki təlimdə iştirak etmək üçün həmin ölkəyə yola salınıb. Müdafiə Nazirliyinin məlumatına görə, təlimin əsas məqsədi iştirakçı ölkələrin antiterror əməliyyatları üzrə bacarıqlarını təkmilləşdirmək, davamlı sülhə töhfə vermək və təcrübə mübadiləsi aparmaqdır.
Təlim 2-3 fevral tarixlərində təşkil olunacaq və iştirakçı dövlətlərin hərbi kontingentləri arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək.
Sözügedən təlimin əhəmiyyəti barədə Crossmedia.az-a danışan hərbi ekspert Ədalət Verdiyev söyləyib ki, Azərbaycan dost və müttəfiq ölkələrlə bir çox sahədə, o cümlədən hərbi, hərbi-texniki və hərbi təlimlər istiqamətində əməkdaşlığa xüsusi önəm verir: "Bu baxımdan Azərbaycanla BƏƏ arasında mütəmadi olaraq birgə hərbi təlimlər keçirilir. Sonuncu belə təlim ötən ilin oktyabr ayında Azərbaycanda təşkil olunmuşdur. Həmin təlimdə Azərbaycan Respublikasının xüsusi təyinatlı qüvvələri ilə BƏƏ arasında Prezident Qvardiyasının və Xüsusi Əməliyyatlar Komandanlığının bölmələri iştirak etmişdir. Bu sarsılmaz tərəfdaşlıq çərçivəsində “Sarsılmaz tərəfdaşlıq – 2025” təlimindən sonra birgə hərbi təlimlərin davam etdirilməsi barədə qərar qəbul olunmuşdur. Hazırda mövcud ikitərəfli əməkdaşlıq planına əsasən, Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu “Sülh qalxanı” təlimində iştirak etmək məqsədilə artıq Birləşmiş Ərəb Əmirliklərinə yola düşmüşdür".
Ekspertin fikrincə, bu təlimlər iştirakçı heyəti peşəkar və praktik vərdişlərin təkmilləşdirilməsi qarşılıqlı təcrübə mübadiləsi üçün mühüm əhəmiyyət kəsb edir: "Bu təlimdə heyət qarşılıqlı əlaqənin yaranması və döyüş şəraitində uyğunlaşdırılmış ssenarilər üzrə öz bacarıqlarını inkişaf etdirirlər. Burdan da göründüyü kimi "Sülh Qalxanı - 2026" tədbirləri təhlükəsizliyin və davamlı sülhün təmin olunmasına mühüm töhvə verəcək və bu tədbirlər gələcəkdə davam edərək formatı daha da genişləndirərək əhatələnməsi gözləniləndir".
Elmir Heydərli
16:41 28.01.2026
Oxunuş sayı: 1350