Azərbaycanla Türkiyəni düşmən etmək istəyənlər kimlərdi?- - Açıqlama
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin adından “deepfake” texnologiyası ilə hazırlanmış saxta video yayıldığı açıqlanıb. Medianın İnkişafı Agentliyinin (MEDİA) məlumatına görə, bu video reallığı əks etdirmir və ictimaiyyəti çaşdırmağa yönəlib.
Açıqlamada bildirilir ki, belə dezinformasiya nümunələri Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə, strateji müttəfiqliyi sarsıtmağa xidmət edir. MEDİA cəmiyyəti yalnız rəsmi mənbələrə inanmağa, jurnalist və ictimai fəalları isə saxta məzmunlara qarşı prinsipial mövqe göstərməyə çağırıb. Eyni zamanda, sosial şəbəkə platformalarının sahibləri və müvafiq qurumlar zərərli və saxta məzmunun aradan qaldırılması üçün tədbirlər görməyə dəvət olunub.

Jurnalist və siyasi şərhçi Azər Həsrət bu barədə Crossmedia.az-a açıqlamasında deyib ki, Azərbaycanla Türkiyənin qardaşlıq və strateji müttəfiqlik münasibətləri bəzi qüvvələri daim narahat edir: "Məhz bu səbəbdən ayrı-ayrı şəxslərin və ya guya dövlət adından müxtəlif dezinformasiyalar yayılır və bununla da iki ölkə arasında münasibətləri gərginləşdirməyə cəhd göstərilir. Bu, ciddi və diqqət tələb edən problemdir. Bu baxımdan media nümayəndələri, xüsusilə də ictimai rəyə təsir imkanına malik şəxslər hər zaman diqqətli və məsuliyyətli davranmalıdırlar. Dəfələrlə bildirmişik ki, istənilən informasiyaya tənqidi və şübhəçi yanaşmaq lazımdır. Xüsusilə yüksək vəzifəli şəxslərin adından yayılan və rəsmi mənbələr tərəfindən təsdiqlənməyən məlumatlara ehtiyatla yanaşılmalıdır. Şübhəsiz ki, bu cür cəhdlər olacaq və qarşısı alınacaq. Amma bir məsələ aydındır: heç kim boş yerə özünü yormasın. Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətlərini heç bir qüvvə poza bilməz".
Elmir Heydərli
16:28 28.01.2026
Oxunuş sayı: 450