Ekspert danışdı: Ermənistan "nala-mıxa vurur": Tələb olunmalıdır ki...
İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi bu gün Azərbaycanın üzləşdiyi ən ciddi humanitar problemlərdən biri olaraq qalmaqdadır. Aradan illər keçməsinə baxmayaraq, minalanmış sahələrin genişliyi, dəqiq xəritələrin olmaması və partlayıcı qurğuların müxtəlifliyi mina təmizləmə prosesini xeyli mürəkkəbləşdirir. Bu fonda Azərbaycanla ABŞ arasında minatəmizləmə sahəsində mümkün əməkdaşlığın müzakirə olunması məsələyə beynəlxalq diqqətin yenidən yönəldildiyini göstərir.
Bəs hazırda Azərbaycanda mina təmizləmə prosesi hansı mərhələdədir? Mövcud imkanlar bu təhlükəni aradan qaldırmaq üçün yetərlidirmi? ABŞ kimi bu sahədə böyük təcrübəyə malik bir ölkə ilə əməkdaşlıq prosesin sürətlənməsinə və insan itkilərinin azalmasına real töhfə verə bilərmi? Bu suallar həm təhlükəsizlik, həm də post-münaqişə dövründə bərpa və reinteqrasiya baxımından xüsusi aktuallıq kəsb edir.
Mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Crossmedia.az-a açıqlama verib:
"Hazırda işğaldan azad olunmuş ərazilərdə mina təmizləmə əməliyyatları tam gücü ilə davam etdirilir. Bu prosesdə Azərbaycan dövləti əsasən öz daxili imkanlarına güvənir. Xüsusilə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA), Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, eləcə də bir sıra digər dövlət qurumları və müxtəlif ölkələrdən cəlb olunmuş kommersiya təşkilatları bu prosesdə fəal iştirak edirlər.
Bununla belə, hesab edirəm ki, mina təmizləmə prosesi hələ uzun illər davam edəcək. Çünki nə qədər çalışsaq da, minalanmış ərazilərin miqyası o qədər genişdir ki, həmin sahələrin tam təmizlənməsi üçün illərlə vaxt tələb olunacaq. Fiziki baxımdan bu ərazilərin qısa müddətdə minalardan tam azad edilməsi mümkün deyil.
Təkcə ötən il 400-dən artıq vətəndaşımız mina partlayışları nəticəsində xəsarət alıb. Onların arasında şəhid olanlar da var, müxtəlif dərəcəli xəsarət alanlar da, ömürlük əlil qalanlar da. Təəssüf ki, mina qurbanları bundan sonra da olacaq. Bu hadisələr həm hərbi qulluqçuların, həm də mülki şəxslərin başına gəlir.
Bu isə o demək deyil ki, mina təmizləmə işləri zəif aparılır. Sadəcə olaraq, ərazilər işğal altında olduğu dövrdə ermənilər mina xəritələrini düzgün şəkildə tərtib etməyiblər və ya ümumiyyətlə təqdim etməyiblər".
Ekspert əlavə edib ki, məhz bu səbəbdən bu gün belə faciəvi hadisələr baş verir və gələcəkdə də baş vermə ehtimalı qalır:
"Təəssüf doğuran məqam odur ki, beynəlxalq təşkilatlar da Ermənistana ciddi təzyiq göstərmədilər ki, əlində olan real mina xəritələrini Azərbaycana təqdim etsin. Bir sözlə, bütün səylərə baxmayaraq, bu sahədə problemlər hələ də qalmaqdadır.
Hazırda Azərbaycan bu istiqamətdə ABŞ-la əməkdaşlıq etmək niyyətindədir. Qeyd etmək istəyirəm ki, ABŞ-ın mina təmizləmə sahəsində kifayət qədər böyük təcrübəsi var. Bu ölkə həm dövlətçilik baxımından güclü təcrübəyə malikdir, həm də bir sıra dövlətlərlə uğurlu təcrübə mübadiləsi həyata keçirib. Nədən olmasın? ABŞ bu sahədə Azərbaycana dəstək göstərə bilər.
Bu dəstək həm birbaşa texniki yardım, həm də minaların aşkarlanması üçün xüsusi təlim keçmiş itlərin və avadanlıqların Azərbaycana verilməsi formasında ola bilər. Bildiyim qədərilə, ABŞ bu istiqamətdə hər zaman Azərbaycana yardım təklif edib və biz də imkanlar daxilində bu əməkdaşlığı dəyərləndirmişik.
Hazırda mina təmizləmə prosesi davam edir və bu prosesin hələ bir müddət davam edəcəyi də artıq real faktdır".
Ayhan
13:45 28.01.2026
Oxunuş sayı: 499