Minimum əməkhaqqının artımı sürətlənəcək
Ötən gün Milli Məclisin Əmək və sosial siyasət komitəsində Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə edilib. Qanun layihəsində Azərbaycanda minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılacağı öz əksini tapıb. Layihəyə əsasən, minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.
Bu da elə bir fikir yaradır ki, hər il minimum əməkhaqqı artacaq.
Bu, doğrudan da, belədir?
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, Əmək Məcəlləsinə edilən dəyişikliklərə əsasən minimum əməkhaqqının ən azı ildə bir dəfə artırılması artıq qanunvericilikdə açıq şəkildə nəzərdə tutulur:
“Qanun layihəsi plenar iclasa tövsiyə edilib. Qanun layihəsində minimum əməkhaqqının ən azı bir ildən bir artırılması nəzərdə tutulub. Bu dəyişikliklərin əsas mahiyyəti ondan ibarətdir ki, minimum əməkhaqqının artırılması artıq situativ deyil, qanunla müəyyən edilmiş dövri və sistemli prosesə çevrilir. Qanun qəbul edildikdən sonra bir il ərzində yeni mexanizmə uyğun olaraq minimum əməkhaqqının artırılması ilə bağlı konkret təkliflərin hazırlanması və təqdim olunması gözlənilir”.
Parlamentari artımın məbləği ilə bağlı isə bunları deyib:
“Artımın dəqiq məbləği isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Maliyyə Nazirliyi tərəfindən aparılacaq iqtisadi və sosial qiymətləndirmələrdən sonra müəyyən ediləcək. Burada əsas meyarlar yaşayış minimumu, istehlak səbəti və əhalinin real sosial-iqtisadi vəziyyəti olacaq. Yaxşı haldır ki, minimum əməkhaqqının artırılması zamanı hansı meyarların əsas götürüləcəyi artıq qanunda dəqiq göstərilib”.
22:51 22.01.2026
Oxunuş sayı: 2537