20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir – Deputat
20 Yanvar 1990-cı il tarixində Azərbaycanda baş verən faciəvi hadisələr – sovet ordusunun Bakı şəhərinə silahlı müdaxiləsi nəticəsində dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsi – xalqımızın tarixində silinməz iz buraxıb. “Qanlı Yanvar” adı ilə tarixə düşən bu hadisə milli azadlıq hərəkatının dönüş nöqtəsi olmaqla yanaşı, Azərbaycan xalqının müstəqillik, azadlıq və suverenlik uğrunda mübarizəsinin simvoluna çevrilib.
Bu barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir.
Deputat qeyd edib ki, 1990-cı ildə baş verən bu qanlı hadisələr Sovet İmperiyasının dağılmaq üzrə olduğu bir dövrdə azadlığa can atan xalqlara qarşı həyata keçirilən repressiv siyasətin açıq təzahürü idi: “Azərbaycan xalqı Sovet tanklarının və ağır silahlarının qarşısına əliyalın çıxaraq öz etirazını bildirirdi. O dövrdə hələ Sovet İttifaqı mövcud idi və insanlar ümid edirdi ki, silahsız xalqın fundamental hüquqlarına hörmət ediləcək. Lakin qəddar Sovet maşını bu ümidləri darmadağın etdi”.
V. İskəndərov vurğulayıb ki, sovet ordusu heç bir humanist prinsipə məhəl qoymadan dinc əhali üzərinə yeriyib və nəticədə yüzlərlə günahsız insan – gənc, yeniyetmə, qadın, yaşlı – şəhid olub: “Təəssüf ki, faciədən sonrakı bir ilə yaxın müddətdə ölkədə hakimiyyətdə olan qüvvələr bu hadisəyə hüquqi-siyasi qiymət vermədi, məsələni sadəcə danışmaqla ötüşdürməyə çalışdılar. Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə 20 Yanvar faciəsinə tarixi və hüquqi qiymət verildi. Ulu Öndər bu hadisəni insanlığa qarşı cinayət kimi dəyərləndirdi və bütün dünyaya bəyan etdi ki, Sovet ordusu silahsız xalqa qarşı ağır hərbi cinayət törədib. Bununla da Azərbaycan xalqı həm də rəşadətli və qəhrəman xalq kimi tarixə düşdü. Qırğının səhəri günü Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu faciənin dünya ictimaiyyətinə çatdırılmasını təmin edib. Həmin dövrdə SSRİ rəhbərliyi informasiyalara sərt senzura tətbiq etmişdi. Heydər Əliyev bütün təhlükələri öz üzərinə götürərək bu baryerləri aşdı və Azərbaycan həqiqətlərini dünyaya çatdırdı”.
Deputatın sözlərinə görə, 20 Yanvar faciəsi yalnız bir matəm günü deyil, eyni zamanda qəhrəmanlıq dastanıdır:
“Bu gün Azərbaycan öz gücünə, Ali Baş Komandanın qətiyyətinə, ordumuzun rəşadətinə və xalqımızın birliyinə arxalanaraq torpaqlarını işğaldan azad edib, dövlət suverenliyini tam bərpa edib. Artıq tariximizdə qanlı günlərdən çox, şanlı günlər var. 20 Yanvar faciəsi Azərbaycan xalqının qan yaddaşıdır və heç vaxt unudulmayacaq. Bu faciəni gələcək nəsillərə çatdırmaq, tarixdən dərs çıxarmaq və dövlətimizi daha da gücləndirmək hər birimizin borcudur”.
Mehriban Yariyeva
10:57 20.01.2026
Oxunuş sayı: 3536