Dörd erməninin təhvil verilməsi Azərbaycanın humanist mövqeyi kimi qiymətləndirilməlidir - RƏY
Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesinin mühüm praktiki nəticələrindən biri kimi, Azərbaycanda müxtəlif cinayət maddələri ilə məhkum edilmiş dörd nəfərin Ermənistana təhvil verilməsi regional münasibətlərdə yeni mərhələnin formalaşdığını göstərir. Bu addım həm humanitar xarakter daşıyır, həm də tərəflər arasında etimadın qurulmasına yönəlmiş siyasi iradənin mövcudluğunu əks etdirir. Sözügedən proses münaqişədən sonrakı dövrdə hüquqi, diplomatik və təhlükəsizlik məsələlərinin qarşılıqlı razılaşmalar əsasında həllinin mümkünlüyünü də nümayiş etdirir.
Mövzu barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Azərbaycan bu addımla humanizm nümayiş etdirib: “Azərbaycan dörd erməninin Ermənistana təhvil verilməsini reallaşdırmaqla bir tərəfdən humanist mövqeyini ortaya qoydu, digər tərəfdən isə sülh gündəliyinə sadiqliyini və regionda sülhə, əməkdaşlığa verdiyi töhfəni bir daha təsdiqlədi. Azərbaycan regionda sülhü və əməkdaşlığı dəstəkləyən və müdafiə edən ölkədir”.
Deputat vurğulayıb ki, son dövrlər Azərbaycanın atdığı addımlar sülh prosesinin sistemli və davamlı xarakter daşıdığını göstərir: “Nəzərə alsaq ki, Azərbaycan benzinin Ermənistana ixracını həyata keçirir, eyni zamanda Azərbaycan ərazisindən Ermənistana daşınan bütün yüklərlə bağlı qadağalar tam aradan qaldırılıb. Yəni Vaşinqtonda imzalanmadan sonra Azərbaycanın ardıcıl şəkildə sülh gündəliyinə töhfə verdiyini müşahidə edirik. Bu baxımdan sülh gündəliyinə dəstək bundan sonra da davam edəcək”.
V.Bayramovun sözlərinə görə, Azərbaycan regionda sülhün formalaşmasında və əməkdaşlığın genişlənməsində maraqlıdır: “Regionun inkişafı baxımından bu əməkdaşlıq prioritetdir. Azərbaycan Cənubi Qafqazın iqtisadi baxımdan ən güclü ölkəsi kimi bu prosesdə öndə gedir və bütövlükdə sülh gündəliyinə yaxından töhfə verir”.
Mehriban Yariyeva
12:42 16.01.2026
Oxunuş sayı: 1657