Ağdərəyə "Böyük Qayıdış" ölkəmizin rifahı və sülhü üçün əhəmiyyətlidir -DEPUTAT
Uzun illər davam edən işğal və ədalətsizlik Azərbaycan xalqının yaddaşında dərin izlər buraxmışdır. Nəhayət ki, tarixi Zəfər nəticəsində ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etmişdir. Prezident İlham Əliyevin Ağdərə rayonunun Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşdə səsləndirdiyi fikirlər bu qələbənin siyasi, mənəvi və tarixi əhəmiyyətini bir daha nümayiş etdirir. Bu qayıdış təkcə torpaqlara dönüş deyil, eyni zamanda ədalətin bərpası, xalqın gələcəyə inamla baxmasının təzahürüdür.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Könül Nurullayeva Crossmedia.az-a bildirib ki, müharibənin başa çatmasından ötən 5 il ərzində Qarabağ və Şərqi Zəngəzurda 30-dan çox yaşayış məntəqəsinə əhalinin köçürülməsi həyata keçirilib: "Hazırda işğaldan azad olunmuş ərazilərdə 60 mindən çox insan yaşayır, fəaliyyət göstərir və təhsil alır. Ağdərədə də abadlıq-quruculuq işləri və əhalinin qayıdışı “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində sistemli şəkildə icra olunur. Prezidentin Ağdərəyə səfəri zamanı bir çox yeni obyektlər istifadəyə verildi. Ağdərə rayonunun bir çox kənd və yaşayış məntəqələrində geniş tikinti və bərpa işləri həyata keçirilir. Bu, yalnız evlərin bərpası deyil, həm də yolların, sosial obyektlərin, kommunal şəbəkələrin, məktəb və tibb məntəqələrinin inşasını əhatə edir ki, bu da sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün zəruridir. Ümumiyyətlə, “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın ümumi icra faizi təqribən 79%-dir. 2022–2026-cı illəri əhatə edən Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları və işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialına uyğun həyata keçirilir".
K. Nurullayeva bildirib ki, Cənab Prezident Aşağı Oratağ kəndində sakinlərlə görüşdə də qeyd edib ki, Ağdərə rayonunun bütün qəsəbə və kəndlərində monitorinq aparılıb: "Birinci mərhələdə bərpa olunan kəndlər müəyyən edilib, artıq Ağdərə rayonunun doqquz kəndinə keçmiş köçkünlər qayıdıblar. Bərpa planı çərçivəsində mənzil tikintisi, sosial obyektlərin yenidən qurulması, enerji və kommunal şəbəkələrin qurulması işləri aparılır. Eyni zamanda Ağdərə şəhəri də yenidən qurulacaq. Ağdərə rayonunun Canyataq kəndindəki “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti bu bölgənin rifahına töhfə verir. Bura vaxtilə erməni qəsbkarları tərəfindən qanunsuz istismar edilib. Ölkə başçısı da xatırlatdı ki, “Dəmirli” filiz yatağından bəlkə 2 milyard dollar dəyərində, bəlkə də daha çox mis aparıblar. Azərbaycan böyük qələbə sayəsində həm də bu qanunsuz fəaliyyətə son qoydu".
Parlamentari əlavə edib ki, belə müəssisələr həm də burada məskunlaşan əhalinin məşğulluğunu təmin edir: "Orada 900-dən çox, təqribən 1000-ə qədər iş yeri yaradılacaq. Ölkə başçısının tapşırığına uyğun olaraq, ora məhz bu bölgədə yaşayan vətəndaşlar cəlb olunacaq. Hətta buranı genişləndirmək üçün mütləq əlavə sərmayə də qoyulacaq. Ağdərədə təməli qoyulan Xüsusi Əməliyyat Mərkəzi bu bölgənin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Cənab Prezidentin “əminəm ki, bundan sonra müharibə olmayacaq” fikri bir daha Azərbaycanın sülhə sadiqliyini təsdiqləyir. Azərbaycan öz məsələsini həll edib, ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bütün atılan addımlar isə sülhə və insanların rifahına yönəlib".
Mehriban Yariyeva
12:24 16.01.2026
Oxunuş sayı: 1491