Azərbaycan–Ermənistan münasibətlərinin düşmənçilik səviyyəsinə çatmasında xarici qüvvələrin təsiri olub - Deputat
Azərbaycan Respublikasının dövlət qurumları barədə "Facebook" sosial şəbəkəsində əsassız paylaşımlar edən "Palitra" hesabı və ona bağlı "TikTok"da "palitranews1" adlı hesab Ermənistan vətəndaşlarına məxsusdur və qeydiyyat ünvanı kimi Ermənistan göstərilib.
Sözügedən hesab İrəvan şəhəri, V.Sargsyan prospekti, ev 6 ünvanında yaşayan Edgar Gazaryan və Olga Smbatyan adlı şəxslərin istifadəsindədir.
Sosial şəbəkələrdə bu səhifələrin araşdırması onu göstərir ki, "Palitra" hesabında hər hansı bir müstəqil araşdırma əksini tapmayıb, yalnız Azərbaycanın dövlət siyasətini ləkələməyə yönələn müxtəlif paylaşımlar digər səhifələrdən kopyalanıb.
"Palitra" hesabında əksini tapan dezinformasiya xarakterli materialları dərc edən və Azərbaycana qarşı təbliğat aparan bloger və youtuberlərin fəaliyyəti araşdırılmalıdır. Bu təbəqənin arxasında Ermənistanın dayanması istisna deyil. Belə addımlar göstərir ki, Ermənistan sözdə sülhdən danışsa da, təəssüf ki, Azərbaycana qarşı yönələn əməliyyatlardan əl çəkməyib.
Baş verənlər və bunun normallaşma prosesinə təsiri barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı, Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib ki, Azərbaycanın güclənməsi və regionda sülh təşəbbüsləri xarici və revanşist qüvvələri narahat edir və münasibətlərin gərginləşməsinə səbəb olur: "Məlumdur ki, Azərbaycan–Ermənistan münasibətlərinin düşmənçilik səviyyəsinə çatmasında xarici qüvvələrin təsiri olub. Bu, parçala–hökm sür siyasətidir. Məqsəd regiondakı dövlətləri və xalqları öz nəzarətində saxlamaq, gərginlik yaratmaqdır və bu siyasət uzun illər boyu yürüdülüb. Təbii ki, burada daxili faktorlar da rol oynayıb. Onlardan istifadə olunmağa öyrəşən toplum hər zaman istismar olunub. İndi də münasibətlərin normallaşmasından narahat olan həmin xarici qüvvələr yenidən gərginlik yaratmaq və problemlərin davam etməsində maraqlıdırlar. Azərbaycan dövlətinin güclənməsini isə heç cür həzm edə bilmirlər. Azərbaycan–Ermənistan münasibətlərində normallaşma, gələcəkdə İrəvanın Azərbaycana qarşı təzyiq imkanlarını sıfırlayacaq. Ermənistanda müəyyən revanşist qüvvələr mövcuddur; zamanında da istifadə olunublar, bu gün də istifadə olunurlar və hesab edirəm ki, onlar xarici mərkəzlərdən idarə olunur. Sosial şəbəkələrdə aparılan kampaniyalar da təsadüfi deyil".
O, qeyd edib ki, ermənilik məsələsində psixoloji xəstəliklər mövcuddur: "Hesab edirəm ki, bu, uzun müddət həll olunmayacaq. Cəhətlər, gərginliklər hər zaman olacaq. Azərbaycan artıq reallıqları dəyişib və regionun əsas, lider dövlətidir. Siyasi, iqtisadi və hər sahədə lider olaraq, regionda dayanıqlı sülh və sabitlik üçün məsuliyyəti üzərinə götürüb. Sülhün təmin olunması üçün təkliflər Azərbaycanın təşəbbüsü ilə irəli sürülüb və biz buna maraqlıyıq. Məqsəd həm də regiona kənar təsirlərin qarşısını almaqdır. Lakin bundan narahat olan qüvvələr mövcuddur və gələcəkdə də hazır olmalıyıq. Erməni toplumunun müəyyən hissəsi xəstə təxəyyül daşıyıcısı olaraq Azərbaycana qarşı eskalasiya edə bilər. Zaman-zaman bu cür halların qarşısını almaq mümkündür, amma istənilən halda jevaşist və düşmənçilik toxumları səpən mövqelərlə qarşılaşacağıq və buna hazır olmalıyıq".
Ülvi Zahidov
11:50 16.01.2026
Oxunuş sayı: 3784