Prezident İlham Əliyevin apardığı siyasətin mərkəzində insan amili dayanıb - Deputat
Son illər Bakı şəhəri və Abşeron yarımadasında əhalinin sürətli artımı, urbanizasiya proseslərinin intensivləşməsi və iqlim dəyişikliklərinin təsiri su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qiymətləndirilməsini zəruri edib. Xüsusilə içməli su təminatının dayanıqlılığı, yağış sularının effektiv idarə olunması və tullantı sularının ekoloji tələblərə uyğun şəkildə emalı məsələləri paytaxt və ətraf ərazilər üçün strateji əhəmiyyət kəsb edir. Bu baxımdan sözügedən sahələrdə uzunmüddətli, kompleks və sistemli yanaşmaya əsaslanan dövlət siyasətinin formalaşdırılması həm əhalinin rifahının yüksəldilməsi, həm də ekoloji təhlükəsizliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Soltan Məmmədov Crossmedia.az-la öz fikirlərini bölüşüb: “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”nın məqsədi Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, yağış suları və tullantı suları sistemlərinin infrastrukturunun müasirləşdirilməsi, fasiləsiz və dayanıqlı içməli su təminatının gücləndirilməsi, tullantı sularının səmərəli idarə olunmasının təmin edilməsi kimi mühüm məsələlərin həllinə nail olmaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirə bu proqramın əhalinin sağlamlığı, ekoloji tarazlıq və iqtisadi sabitlik baxımından son dərəcə mühüm əhəmiyyət kəsb etdiyini göstərir".
Deputat həmçinin proqram çərçivəsində mövcud şəbəkələrin yenidən qurulması və genişləndirilməsi, müasir yağış sularının idarəetmə texnologiyalarının tətbiqi, su itkisini azaltmaq məqsədilə yeni mexanizmlərin tətbiq olunmasını nəzərdə tutulduğunu qeyd edib: "Azərbaycanda ötən dövrdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramları uğurla icra olunub. Bu proqramlar tarazlı və davamlı inkişafı təmin eir. Ölkədə infrastrukturun yenilənməsi, yeni iş yerlərinin yaradılması və əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində bir sıra naliliyyətlər əldə olunub. Qəbul edilən dövlət proqramları eyni zamanda sosial rifahın yüksəldilməsinə xidmət edir. Bu baxımdan düşünürəm ki, proqrama ümumi iqtisadi inkişafla bağlı vəzifələrin həlli kontekstində yanaşmaq lazımdır".
Onun sözlərinə görə Xəzər rayonunda da infrastrukturun inkişaf etdirilməsi ilə bağlı ötən müddət ərzində bir çox işlər görülüb: "Bununla yanaşı, təbii proseslərin nəticəsi kimi ortaya çıxan məsələlər, o cümlədən demoqrafik və ekoloji amillərin yaratdığı çətinliklər bu istiqamətdə fəaliyyətin davamlılığını zəruri edir. Keçirilən müşavirədə cənab Prezident Bakı və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsi ilə bağlı məsələlərə uzunmüddətli və sistemli yanaşmanın vacibliyini qeyd etdi. Qəbul olunan Dövlət Proqramı davamlı infrastruktur quruculuğunu hədəfləyir. Prezident İlham Əliyevin apardığı siyasətin mərkəzində insan amili dayanıb. Dövlət Proqramı bu yanaşmanın konkret və sistemli icra mexanizmidir".
Elmir Heydərli
15:48 14.01.2026
Oxunuş sayı: 1212