Bu gün ölkəmizin müxtəlif yerlərində bərpaolunan enerji növləri inkişaf edir - Deputat
Azərbaycanda bərpaolunan enerji sahəsinin inkişafı və bu istiqamətdə xarici investisiyaların cəlb edilməsi dövlətin enerji strategiyasının əsas prioritetlərindən biri kimi uğurla reallaşdırılır.
Son illər bu sahədə həyata keçirilən genişmiqyaslı layihələr ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, ixrac potensialının artırılmasına və beynəlxalq enerji bazarlarında Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin daha da güclənməsinə xidmət edir. Xarici investorların fəal iştirakı ilə icra olunan bu layihələrə yüz milyonlarla dollar həcmində sərmayə yatırılması Azərbaycanın əlverişli investisiya mühitinə və qəbul edilən qərarların sabitliyinə olan yüksək etimadın bariz göstəricisidir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Rəhimzadə Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan bu gün dünyada qaz ixracatçısı, bərpaolunan enerji, yaşıl enerji sahələrində də böyük uğurlara imza atan dövlət kimi nüfuz qazanır. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi ilə Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrildi. Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu enerji layihələri ölkələri və xalqları birləşdirən körpü rolunu oynayır. Bu layihələr yalnız iştirakçı ölkələrin deyil, dünya dövlətlərinin də uzunmüddətli iqtisadi inkişafına geniş imkanlar açır.
Məlum olduğu kimi, hazırkı dövrün əsas tələbləri sırasında bərpaolunan enerji növlərinə investisiyaların yatırılması mühüm yer tutur. Ölkəmizin enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi, inkişafı həyata keçirilən siyasətdə prioritet istiqamətlərdən birini təşkil edir. “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının yanvarın 8-də keçirilən rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev qeyd etdi ki, son illər ərzində ölkəmizdə yeni generasiya güclərinin istismara verilməsi həm çox mürəkkəb, həm məsuliyyətli bir prosesdir. O cümlədən bərpaolunan enerji növlərinin böyük həcmdə ümumi enerji sistemimizə inteqrasiya etməsi də, əlbəttə ki, böyük peşəkarlıq tələb edir, böyük vəsait tələb edir. Nəzərə alsaq ki, bundan sonrakı illərdə bərpaolunan enerji stansiyalarının Azərbaycanda tikintisi çox geniş vüsət alacaq, əlbəttə, Azərbaycan energetiklərinin fəaliyyəti daim yüksək səviyyədə olmalıdır".
Deputat həmçinin bu gün ölkəmizin müxtəlif yerlərində bərpaolunan enerji növlərinin inkişaf etdiyini bildirib:
"Növbəti böyük stansiyaların Biləsuvar, Neftçala, Naxçıvan və işğaldan azad edilmiş ərazilərdə açılışı nəzərdə tutulur. Azərbaycanın coğrafi mövqeyi, təbii şəraiti elədir ki, istənilən bölgəmizdə bərpaolunan enerji növlərini istehsal etmək mümkündür. Xəzər dənizinin Azərbaycan sektorundakı külək enerjisi potensialı 157 giqavat səviyyəsindədir. Bu prosesin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan regionun çox etibarlı və böyük elektrik generasiya gücünə malik ölkəsi olacaq.
Dövlət başçısı qeyd etdi ki, Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması xarici investorlar tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrdir. Bu layihələrə bu günə qədər 100 milyonlarla dollar vəsait qoyulub. Bu, Azərbaycanın həm xarici, həm də yerli investorlar üçün nə qədər etibarlı ölkə olmasının göstəricisidir. İmzalanan müqavilələr əsasında 2030-cu ilə qədər altı, 2032-ci ilə qədər isə, ümumiyyətlə, 8 giqavat gücündə külək və Günəş elektrik stansiyaları inşa ediləcək. Onu də nəzərə almaq lazımdır ki, son beş il ərzində yaşıl enerji zonası elan edilən Qarabağ və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyası inşa edilib. Bu gün onların ümumi potensialı 300 meqavatdan çoxdur.
Həyata keçirilən bu layihələr yaşıl enerji mənbələrinə sərmayə yatıran ölkə kimi Azərbaycanın dünyanın enerji xəritəsində mövqeyini daha da möhkəmləndirəcək. Ölkəmiz yaşıl enerji sahəsində böyük potensiala malikdir və qarşıdakı illərdə bu sahənin inkişafı üçün daha böyük addımlar atılacaq".
Elmir Heydərli
12:15 10.01.2026
Oxunuş sayı: 3118